28 dekabr 2024, şənbə Bakı, 7°C
IMG-LOGO

AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi uğurla başa çatdırılıb

27-12-2024
IMG

AMEA Rəyasət Heyətinin iclasında müzakirə olunan məsələlərdən biri də AMEA-da elektron sənəd dövriyyəsinə keçidin təmin edilməsi və qarşıda duran vəzifələr haqqında olub.

Bu barədə AMEA-dan məlumat verilib.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi akademik Arif Həşimov bildirib ki, Akademiyada Elektron Sənəd Dövriyyəsi Sisteminin yaradılması və səmərəli fəaliyyəti ilə bağlı bir sıra tədbirlər görülüb, şəbəkə infrastrukturunun yenilənməsi, elektron elmin inkişafı və digər sahələr üzrə əməli addımlar atılıb. Bildirib ki, həyata keçirilən işlər nəticəsində AMEA-da yaradılmış Elektron Sənəd Dövriyyəsi Sistemi ölkə üzrə Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə inteqrasiya olunub və digər dövlət orqanları (qurumları) ilə sənəd mübadiləsinin aparılması təmin edilib.

Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva çıxış edərək Elektron Sənəd Dövriyyəsi Sisteminin təşkili istiqamətində görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, AMEA-nın Rəyasət Heyəti aparatının və tabeliyindəki qurumların Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulması “ASAN xidmət”lə birgə təşkil olunub, istifadəçi profillərinin yaradılması və təlimlərin keçirilməsi təmin edilib. Bununla yanaşı, Elektron Sənəd Dövriyyəsi Sistemindən real vaxt rejimində istifadəyə keçid mərhələli şəkildə təşkil olunub. Ə.Əliyeva bildirib ki, AMEA-nın Rəyasət Heyəti aparatı və tabeliyindəki elmi müəssisə, təşkilat və mərkəzlərdə sənədlərin dövriyyəsinin elektronlaşdırılmasına keçid prosesi uğurla başa çatdırılıb.

Şöbə müdiri Elektron Sənəd Dövriyyəsi Sisteminə keçiddən sonra sistemdən istifadəyə dair bir sıra statistik rəqəmləri də təqdim edib.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA-nın qısa müddət ərzində ölkə üzrə Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulması istiqamətində Sənədlərlə iş və protokol şöbəsinin xüsusi fəaliyyət göstərdiyini bildirib. O, şöbənin əməkdaşları tərəfindən AMEA-nın elmi müəssisə və təşkilatlarında müvafiq şəxslər üçün təlimlər keçirildiyini bildirərək şöbənin fəaliyyətini yüksək qiymətləndirib.

Paylaş: