TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin fəaliyyətinə dair müşavirə keçirilib
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə geniştərkibli müşavirə keçirilib.
Fhnews.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə istinadən xəbər verir ki, müşavirədə tibbi ərazi bölmələri (TƏB) üzrə İcraçı direktorun müavinlərinin iştirakı ilə səhiyyə xidmətlərinin yaxşılaşdırılması, vətəndaşlarımıza göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, region müəssisələri arasında koordinasiyalı işin təşkil edilməsi, çatışmazlıqların aşkar edilməsi üzrə ötən müddət ərzində keçirilən regional toplantıların nəticələri müzakirə olunub.
Toplantıların yekunu, aşkar edilmiş çatışmazlıqlar barədə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov məruzə ilə çıxış edib.
Təcili tibbi yardım xidmətinin keyfiyyətinin artırılması və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən işlər, xəstəxana sisteminin elektronlaşdırılması ilə bağlı "Rəqəmsal Tibbi Həllər" MMC tərəfindən həyata keçirilən tədbirlər barədə də məruzələr dinlənilib.
Müşavirədə TƏBİB tabeliyində fəaliyyət göstərən bir sıra regional tibb müəssisələrində təmirə ehtiyacı olan avadanlıqların müəyyənləşdirilməsi və aidiyyəti işlərin görülməsi, dövlət tərəfindən təmin edilən, xroniki xəstələr üçün nəzərdə tutulan imtiyazlı qrup dərman preparatlarının verilməsinin və paylanılmasının tənzimlənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi, ilkin səhiyyə xidmətləri və təcili tibbi yardım xidməti ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, xəstəxana idarəetmə sistemi üzrə elektronlaşma prosesinin genişləndirilməsi, növbə sisteminin yaxşılaşdırılması, vətəndaş qəbullarına, şəhid ailələri və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşılması məsələləri xüsusi olaraq nəzərdən keçirilib.
Müşavirədə çıxış edən TƏBİB-in İcraçı direktoru bildirib ki, TƏBİB-in yaradılması ilə səhiyyə sahəsində müasir idarəetmə modelinin tətbiqi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa tapşırıqlarına uyğun olaraq yüksək səviyyədə təmin olunmaqdadır.
“TƏBİB olaraq yarandığımız dövrdən vətəndaşlarımıza keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində mühüm işlər həyata keçirilib. Bir çox xəstəxana yenilənib, tibbi xidmətlərin çeşidi artırılıb, yeni mərkəzlər yaradılıb, tibbi təminat, o cümlədən tibbi xidmətin keyfiyyəti və kadr potensialı yaxşılaşdırılıb. Səhiyyə idarəetməsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sahəsində də mühüm işlər görülüb”.
V.Qurbanov qeyd edib ki, tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur.
“Müvafiq instansiyalarla birgə və eləcə də daxili nəzarət tədbirləri nəticəsində belə hallarla ciddi mübarizə aparılır və qəti tədbirlərimiz bundan sonra da davam etdiriləcəkdir. Doğum evlərində, cərrahi əməliyyatlar və stasionar xidmət zamanı göstərilən tibbi xidmət müqabilində xəstələrdən əlavə ödənişlərin tələb edilməsi yolverilməzdir və cinayət tərkibi daşıyır” - deyə TƏBİB-in İcraçı direktoru vurğulayıb.
Bundan əlavə, əhali arasında tibbi maarifləndirmə fəaliyyətinin gücləndirilməsi, həkimlərin pasiyentlərə qarşı münasibətinin yaxşılaşdırılması məqsədilə işlərin təkmilləşdirilməsi də diqqətə çatdırılıb.
Tibb müəssisələrinin rəhbərləri səsləndirilən irad və təkliflər, eləcə də həyata keçirilən fəaliyyətlərlə bağlı çıxış ediblər.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...