Milli Kitabxanada “25 Noyabr - Kəlbəcər Şəhəri Günü” adlı sərgi istifadəçilərə təqdim olunub
Milli Kitabxanada “25 Noyabr - Kəlbəcər Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Fhnews.az xəbər verir ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Kəlbəcər şəhərinin tarixi, coğrafiyası, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında məlumatlar yer alıb, həmçinin Milli Kitabxananın fondunda mühafizə olunan Vətən müharibəsi və şanlı Zəfəri əks etdirən kitablar, məqalələr və sair materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Kelbecer_seheri_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə Kəlbəcər şəhərinin tarixi, coğrafi mövqeyi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Ənənəvi sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutmasından sonra rəşadətli Ordumuzun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması ilə nəticələnib. İmzalanan birgə Bəyanata əsasən noyabrın 25-i Kəlbəcər bir güllə belə atılmadan işğaldan azad edilib.
Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlətimizin başçısı tərəfindən 2023-cü il iyulun 31-də Sərəncam imzalanıb. Sərəncama əsasən noyabrın 25-i Kəlbəcər Şəhəri Günü elan olunub. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib.
Kəlbəcər rayonu füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Kəlbəcərin zəngin təbii qaynaqları, ehtiyatları, böyük otlaq sahələri var. Mənfur düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib, meşələri qırıb, talayıb, satıb. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulub.
Bu gün Kəlbəcər yenidən qurulur, böyük infrastruktur layihələri gerçəkləşdirilir. Kəlbəcərin “İstisu” mineral suyunun istehsalı yenidən bərpa olunub.
Potensialına görə Kəlbəcər Azərbaycanın həm aqrar, həm kənd təsərrüfatı, həm sağlamlıq, həm də eko-turizim olaraq ən gözəl və perspektivli bölgələrindən biridir. Orada infrastrukturun qurulması, yeni otellərin, yolların açılması, müəyyən təhlükəsizlik məsələlərinin birdəfəlik həlli, biznes və aqrar sahədə çalışan fermerlər üçün şəraitin yaradılması gələcəkdə Kəlbəcərin Azərbaycan iqtisadiyyatında mühüm rol oynamasına imkan verəcək.
Milli Kitabxanada “25 Noyabr - Kəlbəcər...
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...