24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Azərbaycandan dəmiryolu ilə ilk ixrac qatarı Çinə yola salınıb

24-11-2024
IMG

Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb.

Fhnews.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Qeyd olunub ki, bu hadisə iki ölkə arasındakı iqtisadi və nəqliyyat əlaqələrinin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, həm də Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki strateji rolunu daha da möhkəmləndirdiyini nümayiş etdirir. Belə ki, Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi ilə yanaşı, Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırır. Orta Dəhlizin sürətlə inkişafı istər Şərq-Qərb, istərsə də Qərb-Şərq istiqamətində yükdaşımaların həcminin artırılmasına təkan vermiş olur.

İlk ixrac qatarının yola salınma mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının yüksək vəzifəli nümayəndə heyəti, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu katibliyinin rəhbərliyi ilə yanaşı Çinin Sian Çanba Beynəlxalq Limanının idarəetmə Komitəsinin rəhbər şəxsləri də iştirak edib.

Qeyd edək ki, yola salınmış “Bakı-Sian” ilk ixrac blok qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrut ilə Çinə göndərilməsi planlaşdırılır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayev mərasimdə çıxış edərək sözügedən əlamətdar hadisənin əhəmiyyətini vurğulayıb: “Bu təşəbbüs Azərbaycanın ixrac potensialını yeni səviyyəyə çıxarmaqla yanaşı ölkəmizin dünya ticarət sistemində strateji mövqeyini daha da gücləndirəcək. Qərb-Şərq marşrutu üzrə hər iki istiqamətə yüklərin daşınması baxımından bugünkü tədbirin böyük əhəmiyyəti var. Artıq yerli sahibkarlar öz yüklərini Orta Dəhliz vasitəsilə birbaşa Çinə göndərə biləcəklər. ADY olaraq ölkəmizin beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində bir sıra önəmli layihələr üzərində çalışırıq”.

Paylaş: