24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Alimlər sürətlə inkişaf edən ekzoplanet kəşf ediblər

24-11-2024
IMG

Çox gənc ulduzun ətrafında fırlanan göy cismi planetin yaranması ilə bağlı məlum olanları şübhə altına alır. NASA-nın Transiting Exoplanet Survey Peykindən istifadə edən tədqiqatçılar Yerdən təxminən 520 işıq ili uzaqlıqda bir ulduz müşahidə ediblər. Narıncı cırtdanlar sinfinə aid olduğu düşünülən cismin kütləsi Günəşdən daha aşağı və çox sönükdür.

Cəmi 3 milyon yaşı olan ulduz kosmik standartlara görə kifayət qədər gəncdir. Məsələn, təxminən 4,6 milyard il yaşı olan Günəş orta yaşlı hesab olunur. Ulduzun ömrünün bu mərhələsində onun ətrafında planetlər tapacağını düşünməyən elm adamları gördükləri mənzərə qarşısında heyrətə gəliblər.

“Nature” jurnalında öz nəticələrini dərc edən alimlər planetin Yerdən 10 dəfə böyük olduğunu təxmin edir. Onun kütləsi Yupiterin təxminən üçdə birinə bərabərdir. 

Məqalənin aparıcı müəllifi Madyson Barber "Bizim bildiyimiz kimi, bu, ən gənc tranzit planetdir. O, məlum olan ən gənc planetlərlə eyni səviyyədədir" - deyib.

Ekzoplanetin kütləsi və ölçüsü onun ya nəhəng Yer adlanan böyük yer planeti və ya sub-Neptun kimi tanınan kiçik qaz nəhəngi olduğunu göstərir.

Paylaş: