Respublika Seysmoloji Xidmət Mərkəzində Elm Gününə həsr olunmuş “Açıq qapı” keçirilib
Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Elm Gününə həsr olunmuş “Açıq qapı” keçirilib.
Fhnews.az xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA nəzdində RSXM-in baş direktoru, professor Qurban Yetirmişli, mərkəzin müvafiq şöbələrinin əməkdaşları, ali məktəb tələbələri və şagirdlər iştirak ediblər.
“Açıq qapı” günündə RSXM-in baş direktoru Qurban Yetirmişli iştirakçılara Respublika Seysmoloji Xidmət Mərkəzində aparılan kompleks seysmoloji, geofiziki, geodinamik, geokimyəvi tədqiqatlar haqqında ətraflı məlumatlar verib. Baş direktor daha sonra RSXM-in seysmik stansiyalarından seysmik dalğaların Monitorinq Mərkəzinə qəbulu, seysmik dalğa məlumatlarının emalı, zəlzələ ocaqlarının mexanizminin öyrənilməsi metodları, GPS tədqiqatları və alınmış nəticələr haqqında da danışıb.
Bundan başqa, mərkəzin müvafiq şöbələrinin rəhbərləri iştirakçıları mərkəzin müvafiq şöbələrində görülmüş işlərlə və əldə olunmuş nəticələr, Azərbaycanın seysmik vəziyyəti, zəlzələ ocaqlarının mexanizmlərinin öyrənilməsi, GPS stansiyalarının fəaliyyəti ilə bağlı məlumatlandırıblar.
Daha sonra qonaqlara çöl ekspedisiya tədqiqatlarında istifadə olunan geofiziki cihazlar vasitəsilə dalğaların qeydə alınması, 1902-ci ildən bu günə qədər Azərbaycan ərazisində aparılan tədqiqatlarda istifadə olunan seysmoloji və geofiziki cihazlar əyani şəkildə nümayiş etdirilib. Eyni zamanda, son yüz ildə Azərbaycan seysmologiyasının inkişaf mərhələləri və əldə olunmuş nəticələrə dair təqdimatlar olub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında Elm Gününün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən hər il ölkəmizdə martın 27-si Elm Günü kimi qeyd edilir.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...