24 noyabr 2024, bazar Bakı, 12°C
IMG-LOGO

Prezident İlham Əliyev: Mən heç şübhə etmirdim ki, gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaq

10-01-2024

“44 gün ərzində Azərbaycana müxtəlif yerlərdən, müxtəlif paytaxtlardan təzyiqlər göstərilirdi, təhdidlər səsləndirilirdi. Ancaq bizi haqq yolumuzdan heç kim döndərə bilməzdi. Mən Vətən müharibəsi dövründə Azərbaycan xalqına müraciət edərək demişdim ki, düşmən bizə torpaqlarımızın azad olunmasının tarixini versin, o zaman biz müharibəni dayandırmağa hazırıq və belə də oldu. Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada - Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi.

O vaxt mən heç şübhə etmirdim ki, gün gələcək və burada - Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaq”.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 131-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində xalqımızın Vətən müharibəsində əldə etdiyi Zəfərin 3-cü ildönümünə həsr olunan hərbi paradda çıxışı zamanı söyləyib.

Fhnews.az xəbər verir ki, çoxcildliyin “Zəfər Kitabı” adlandırılan 131-ci nəşrində toplanmış materiallar 2023-cü ilin sentyabr–noyabr aylarını əhatə edir. Bu kitaba Prezident İlham Əliyevin Sərsəng su anbarının ərazisində, Ağdərə, Xankəndi, Xocavənd, Xocalı şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması, eləcə də Xankəndidə xalqımızın Vətən müharibəsində qazandığı böyük Zəfərə həsr olunmuş hərbi paradda iştirakına dair materiallar toplanıb.

Prezident İlham Əliyev ötən ilin sentyabr ayında Cəbrayıl və Zəngilan rayonlarına səfər edib, tikinti işləri ilə tanış olub, Zəngilanda yaşayış komplekslərinin təməlqoyma mərasimlərində iştirak edib, sentyabrın 29-da “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edib. Bütün bunlara dair materiallarla yeni kitabda tanış olmaq mümkündür. Kitabda dövlətimizin başçısının, həmçinin Füzuli rayonuna, Şuşaya, habelə Sumqayıt şəhərinə səfərlərinə dair geniş məlumatlar verilib.

Yeni kitaba Azərbaycan Prezidentinin 2023-cü ilin oktyabr ayında Gürcüstana işgüzar səfərinə, MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana səfərinə, noyabr ayında Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstana, İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistana səfərləri haqqında informasiyalar daxil edilib.

Prezident İlham Əliyevin Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirakı haqqında materiallar da bu kitabda yer alıb.

Yeni nəşrdə dövlətimizin başçısının TÜRKSOY-un yaradılmasının 30 illiyinə həsr olunmuş təntənəli tədbirin, İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 27-ci iclasının, Azərbaycan qadınlarının VI qurultayının, 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın bərpa, yenidənqurma və inkişafı” – “Rebuild Karabakh” sərgisinin, “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətləri də təqdim edilib.

“Azərnəşr” tərəfindən buraxılan 131-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Paylaş: