24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Peşə məktəblərinə qəbul olan tələbələrin 85 faizi dövlət sifarişi əsasında təhsil alır

25-09-2024
IMG

2024/2025-ci tədris ili üzrə peşə məktəblərinəə 24 min 821 tələbə qəbul olub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, qəbul olan tələbələrin 85 faizi dövlət sifarişi əsasında, 15 faizi isə ödənişli əsaslarla təhsil almağa başlayıb.

2024/2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə aparılıb. İlk dəfə olaraq bu il Naxçıvan Muxtar Respublikasında tələbə qəbulu elektron şəkildə həyata keçirilib və 453 nəfər qəbul olub. Bu il peşə təhsili müəssisələrinə qəbul olanların 36 faizini qadınlar təşkil edir. Müraciət edənlərin orta yaşı 22, ən aşağı yaş 14, ən yüksək yaş isə 69 olub. Dual peşə təhsili proqramı üzrə 1247 nəfər, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə 2453 nəfər qəbul olunub. Həmçinin 74 nəfər ali təhsilli, 244 nəfər orta ixtisas təhsilli şəxs, 66 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olub.

Yeni tədris ilində peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq. Bunlar pilotsuz uçuş aparatlarının texniki xidməti və təmiri üzrə texnik, kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə mütəxəssis, elektrik və hibrid avtomobillərin təmiri, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti, elektromexaniki suvarma maşınları və nasos qurğuları maşinisti ixtisaslarıdır.

Ən çox tələbat olan ixtisaslar arasında aşpaz, bərbər-vizajist-manikürçü, əməliyyatçı-mühasib, qrafik dizayner, mühasibat uçotu, elektrik qaz qaynaqçısı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, veb-dizayn və proqram təminatı ixtisasları yer alır.

2024/2025-ci tədris ilindən etibarən Bakı şəhərində yerləşən peşə təhsili müəssisələrində ilk dəfə olaraq ikinövbəli təhsilə keçilib. Bununla bağlı təhsil proqramları üzrə müvafiq tədris planlarında dəyişikliklər edilib.

Paylaş: