21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunan taktiki-xüsusi təlim keçirib

14-02-2024

13-14 fevral tarixlərində Nахçıvаn Muхtаr Rеspublikаsının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Nахçıvаn Muхtаr Rеspublikаsının Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin iştirakı ilə Muxtar Respublikanın yaradılmasının 100 illik yubileyinə həsr olunan “Qar uçqunları ilə əlaqədar axtarış-xilasetmə işlərinin aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin daim yüksək hazırlıq vəziyyətində saxlanılması, fövqəladə hallarla mübarizə üzrə qurumlararası qarşılıqlı fəaliyyət və idarəetmə imkanlarının daha da genişləndirilməsindən ibarət olub.

Təlimi Nахçıvаn Muхtаr Rеspublikаsının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev izləyib.

Təlimdən əvvəl xilasetmə qurumlarının əməliyyat-taktiki təlimə cəlb olunan texnika və avadanlıqlarına, çadır şəhərciyinə baxış keçirilib.

Sonra təlimin praktiki hissəsi başlanıb.

Təlimin ssenarisinə əsasən “112” qaynar telefon xəttinə şərti olaraq qar uçqunu nəticəsində “mülki vətəndaşların qarın altında qalması” ilə bağlı məlumat daxil olub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən hərbi hissə növbətçisinə verilən məlumata uyğun olaraq şəxsi heyətə həyəcan siqnalı verilib. Şərti olaraq dağlarda qar uçqununun yaranması nəticəsində “qar altında qalan insanların” axtarışının aparılması üçün bölmələr hadisə rayonuna cəlb olunub.

Xilasedici və kinoloqlar xüsusi təlim keçmiş itlərlə, biper axtarış aparatı və şuplar vasitəsilə “qar uçqunu altında qalan insanların” axtarışını həyata keçirib, “zərərçəkmişləri” qar kütləsi altından çıxarıb “ilk yardım göstərərək tibb məntəqəsinə təxliyə ediliblər”.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və aidiyyəti qurumların əməkdaşları arasında baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə ümumilikdə 10-dan artıq texnika və 90 nəfər şəxsi heyət cəlb olunub.

Paylaş: