Naxçıvan Muxtar Respublikasında “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının Naxçıvan Muxtar Respublikası üzrə birinciliyi keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev, təhsil naziri Elxan Nəcəfov, gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov çıxış edərək yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Qeyd olunub ki, belə yarışların keçirilməsi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılmasına, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasına və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasına şərait yaradır.
Daha sonra yarışa start verilib. Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbi I yerə, Ordubad rayon Sabirkənd tam orta məktəbi II yerə və Culfa şəhər 3 nömrəli tam orta məktəbi isə III yerə layiq görülüb.
Qalib komandalara Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Ş.Mirzəyev, təhsil naziri E.Nəcəfov, gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən M.Seyidov tərəfindən kubok və fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, yarışda ilk 2 yeri tutan komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Azərbaycan Respublikası üzrə birinciliyində iştirak etmək hüququ qazanıblar.
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...
Küləkli hava şəraiti ilə bağlı sarı...