24 noyabr 2024, bazar Bakı, 11°C
IMG-LOGO

FHN-in Gəncə Regional Mərkəzi Daşkəsən rayonunda müşavirə keçirib

18-07-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Daşkəsən rayonunda “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlar arasında koordinasiyanın, qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda müşavirə keçirilib.

Toplantıda Nazirliyin aidiyyəti yerli qurumlarının, Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən müvafiq idarə, müəssisə və təşkilatların, eyni zamanda bələdiyyələrin məsul vəzifəli şəxsləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının müavini Namiq Süleymanov tədbirin əhəmiyyətindən danışıb, fövqəladə hallarla mübarizə sahəsində qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

Sonra çıxış edən FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə geniş məlumat verib.

Tədbirdə digər çıxış edənlər təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirmə işinin vacibliyindən danışıb, fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində bir sıra təkliflər veriblər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirə aparılıb.

Paylaş: