Beynəlxalq təşkilatın rəhbəri Azərbaycanın malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib
Səhiyyə Nazirliyində “Malyariyaya son” (“Malaria No More”) təşkilatının idarəedici direktoru Kelli Uillis və baş direktoru Martin Edlundla görüş keçirilib.
Fhnews.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə səhiyyə naziri Teymur Musayev ötən ilin martında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını xatırladıb. Onun sözlərinə görə, malyariya ilə mübarizədə uğur, həm də beynəlxalq tərəfdaşların uzun illər hərtərəfli dəstəyi sayəsində mümkün olub.
Nazir, həmçinin bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Azərbaycanda dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini vurğulayan Teymur Musayev, bu il milli və qlobal səviyyədə həyata keçirilən bir sıra tədbirlərin iqlim dəyişikliyinin mənfi təsirlərinə həsr olunduğunu bildirib.
Nazir Bakıda keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal sammitinin iqlim dəyişikliyi və onun insan sağlamlığına təsirlərini müzakirə etmək üçün uğurlu platforma olduğunu qeyd edib. Eyni zamanda, sammitin iqlim sektorları üzrə mütəxəssislərin əməkdaşlığı üçün bir fürsət olduğu diqqətə çatdırılıb.
Kelli Uillis və Martin Edlund Azərbaycanın ölkədə malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər. “Malyariyaya son” təşkilatının rəhbərliyi, həmçinin ölkəmizi COP29 kimi mötəbər tədbirin ev sahibliyinə seçilməsi münasibətilə təbrik edib. Onların sözlərinə görə, Azərbaycanın COP29-un ev sahibi kimi səhiyyəni iqlim siyasətinin vacib hissəsi kimi irəli çəkmək və investisiya gündəliyini təşviq etmək imkanı var. Həmçinin Bakıda keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal sammitinin əhəmiyyəti qeyd olunub.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...