Azərbaycan və Rusiya onkologiya sahəsində əməkdaşlıq edəcək
Səhiyyə Nazirliyində Rusiya Milli Tibbi Tədqiqat Radioloji Mərkəzinin (NMRRC) baş direktoru akademik Andrey Kaprinlə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev də iştirak edib.
Səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf etdiyini vurğulayaraq bildirib ki, ölkələrimiz arasında sıx əlaqələr səhiyyə, o cümlədən onkologiya sahəsində əməkdaşlığın geniş spektrini müəyyənləşdirir. O, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialını bitirən məzunların ölkə səhiyyəsinin inkişafına mühüm töhfə verdiyini diqətə çatdırıb.
Nazir çıxışında Azərbaycanda xərçəng xəstəliklərinin müalicəsi üzrə ciddi tədbirlərin həyata keçirildiyini və bu işin sistemli şəkildə davam etdirildiyini vurğulayıb: “Azərbaycanda onkoloji xidmət böyük və uğurlu inkişaf yolu keçib. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hazırda Milli Onkologiya Mərkəzi ən müasir avadanlıqla təchiz olunub. Mərkəz respublikanın əhalisinə yüksəkixtisaslı onkoloji yardımın həyata keçirilməsində elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas qurumdur”.
Rusiyanın Milli Tibbi Tədqiqat Radioloji Mərkəzinin yüksək peşəkar kadrları ilə tanındığını vurğulayan nazir onkologiya, radiologiya və urologiya sahəsində birgə elmi tədqiqatların həyata keçirilməsinin vacibliyini qeyd edib.
Andrey Kaprin isə rəhbərlik etdiyi mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib, belə görüşlərin təcrübə və bilik mübadiləsi baxımından vacibliyini bildirib. O, NMRRC-nin əsas fəaliyyətinin ən müasir üsul və texnologiyalardan istifadə etməklə xəstələrin müayinə və müalicəsini aparmaqdan ibarət olduğunu vurğulayıb. Rusiyalı mütəxəssis Milli Onkologiya Mərkəzində onkoloji xəstələrin yüksək keyfiyyətli müalicəsi üçün yaradılan müasir şəraitin dünya standartları səviyyəsində olduğunu bildirib.
Görüşdə tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...