24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbuluna başlayıb

15-10-2024
IMG

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, pivə nümunəsində həqiqi ekstraktivlik, gətirilmiş ekstraktivlik, sıxlıq və pH parametrlərinin müayinəsi üzrə növbəti səriştəlilik sınağına qatılmaq üçün oktyabrın 31-i sonuncu müraciət tarixi müəyyən olunub.

Səriştəlilik sınağının proqramı ilə AQTİ-nin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür. Saytda yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədə sınağın proqramı və laboratoriyaların həmin sınaqda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması”) yerləşdirilib. Laboratoriyaların sınaqda iştirakını təmin etmək üçün saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması” doldurularaq [email protected] elektron poçtuna göndərilməlidir. Sınaqlar yekunlaşandan sonra isə nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanmalıdır.

Səriştəlilik sınaqlarının nəticələri institutun saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfidensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.

Qeyd edək ki, sınaqlar ISO 17043 “Uyğunluğun Qiymətləndirilməsi - Səriştəlilik Sınaqlarına Ümumi Tələblər” standartı əsasında təşkil edilir və qiymətləndirmələr həmin standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən təşkil olunan sınaqların məqsədi laboratoriyalar üçün səriştəliliklərini qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir. Müvafiq Qanuna əsasən, dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə həmin Qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır.

Paylaş: