“ASAN xidmət” 11-ci Dünya Hökumət Sammitində diqqət mərkəzində
11-ci Dünya Hökumət Sammitində iştirakı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Süni intellektin gələcəyi” mövzusuna həsr olunmuş dəyirmi masada çıxış edib.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ü.Mehdiyev süni intellektin artan əhəmiyyəti, bu xüsusda yaratdığı imkanların şəffaf və etik qaydada istifadəsinin zəruriliyini vurğulayıb. Eyni zamanda, süni intellektin istifadəsi ilə bağlı etik kodun tərtib olunmasının vacibliyi ifadə edilib.
Həmçinin “ASAN xidmət”in 2024-2026-cı illər üçün idarəetmədə süni intellekt həllərinin tətbiqi ilə bağlı strategiya qəbul etdiyi diqqətə çatdırılıb. Ülvi Mehdiyev bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Toplantıda Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Misir, Kolumbiya və Koreya Respublikasının müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, eləcə də “Meta”, “Bloomberg” və “Microsoft” şirkətlərinin rəhbər heyəti çıxış edib.
Sammit çərçivəsində Dövlət Agentliyinin sədri ilə müxtəlif ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri arasında ikitərəfli görüşlər də keçirilib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavi ilə görüş zamanı 2022-ci il 28 noyabrda imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə BƏƏ Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülən işlər müzakirə edilib. Tərəflər arasında 2024-cü ildə ölkəmizdə Azərbaycan-BƏƏ Birgə Akselerasiya Mərkəzinin yaradılması barədə razılıq əldə olunub. Eyni zamanda, ikinci Azərbaycan-BƏƏ Hökumət İnnovasiyası və Rəqabətlilik Forumunun keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Rumıniya hökumətinin baş katibi Mirçea Abrudean ilə görüş zamanı “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qarşı tərəf “ASAN xidmət” təcrübəsinin Rumıniyada tətbiqi istiqamətində Anlaşma Memorandumunun imzalanması təşəbbüsü ilə çıxış edib və bu barədə tərəflər arasında ilkin razılığa gəlinib.
Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva ilə keçirilən görüş zamanı “ASAN xidmət” konseptinin rəqəmsallaşma, şəffaflıq və dövlət xidmətlərinin inkişafı yolunda önəmindən danışılıb. Azərbaycan modelinin müvafiq sahədə şəffaflığın artırılması və müasir texnologiyaların tətbiqi baxımından önəmi diqqətə çatdırılıb.
Görüş zamanı “ASAN xidmət” təcrübəsi ilə tanışlıq və dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modelinin Qırğız Respublikasına ixracı istiqamətində imzalanması planlaşdırılan Anlaşma Memorandumu ilə əlaqədar xanım nazir ölkəmizə səfərə dəvət olunub. Qırğız tərəfi Dövlət Agentliyinin sədrinə dəvətə görə təşəkkürünü bildirib və bu çərçivədə ölkəmizə səfərindən məmnunluğunu qeyd edib.
Ali Məhkəmənin Cinayət kollegiyasının...
AZAL Səmərqəndə uçuşları bərpa edib...
FHN İmişli rayonunda maye qazdoldurma...
Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə...
Son iki ayda pensiya ödənişlərinə 1...