14 mart 2025, cümə Bakı, 13°C
IMG-LOGO

Buzda yıxılmaq istəmirsinizsə...

15-01-2024

Qarı hər kəs sevsə də, buzlu havada yıxılmamaq üçün bir sıra nüanslara diqqət etmək lazımdır. İlk növbədə diqqətli olmaq və atılan addımları analiz edərək atmaq lazımdır. Yavaş və kiçik addımlarla hərəkət etmək mütləqdir. Sürətli hərəkət etmək isə təhlükəlidir.

Hərəkət zamanı özünü qoruya bilmək üçün əlləri cibə qoymaq tövsiyə olunmur, belə ki, bu halda yıxılan zaman özünü müdafiə etməkdə çətinlik yaranır. Yeriyən zaman çalışmaq lazımdır ki, əllər dolu olmasın, hər hansı əşya-filan əldə saxlamaq olmaz. Eniş, yoxuş və ya pilləkəndən istifadə zamanı yan dəstəklərdən istifadə etmək lazımdır. Dar və hündürdaban ayaqqabı geyinmək olmaz. Altı yumşaq, rezinli, dişli, topuğu tutan botlardan istifadə tövsiyə olunur.

Fhnews.az xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 20 nömrəli Şəhər Poliklinikasının həkim travmatoloq-ortopedi Fərid Məmmədovun sözlərinə görə, buzlu və qarlı havada yıxılmalar zamanı baş verə biləcək travmalar, əsasən, dayaq-hərəkət sistemi ilə bağlı olan travmalardır. Bu zaman da yumşaq toxumaların əzilmələri, sümüklərdə sınıqlar və çıxıqlar kimi travmalar qeydə alına bilər: “Yıxılma zamanı həmin insanlar öz əlləri ilə bel və baş nahiyələrini qoruma altına almalıdır. Buzda yıxılan insanlar bir müddət gözləməli, bədənin hər hansı hissəsində ağrının olub-olmamasını kontrol etməlidir. Belə ki, şiddətli ağrılar olarsa, yaxınlıqdakı adamlardan kömək istənilməlidir”.

F.Məmmədov onu da qeyd edib ki, bu tip xəstəni mümkün qədər hərəkət etdirməmək lazımdır. İlk yardım kimi həmin ətrafın yüksəkdə tutulması vacibdir. Yardım edən şəxs yanında olan hər hansı vasitələrdən istifadə etməklə ətrafın hərəkət etməməsi üçün immobilizasiya etməlidir. Belə ki, fiksasiya olunmalıdır ki, hərəkət olmasın. Bu, hər hansı taxta parçası və s. ola bilər. Əgər heç bir vasitə yoxdursa, bir ətrafı digər ətrafa fiksasiya etməklə də ilkin tibbi yardım olunur.

Həkim-travmatoloqun sözlərinə görə, bu halda xəstədə boğulma və yaxud ağızdan su gəlməsi halı müşahidə oluna bilər. Bu zaman xəstənin başını yan tərəfə çevirmək lazımdır ki, ağız suyu onda boğulma yaratmasın!

Həkim-mütəxəssis bütün hallarda dərhal təcili tibbi yardım xidmətinin çağırılmasının zəruriliyini də vurğulayıb: “Çünki təcili tibbi yardım xidməti xəsarət alan şəxsi ixtisaslaşdırılmış tibb müəssisələrinə çatdıracaq, həkim-ortoped tərəfindən müayinə aparılacaq. Növbəti addımlar isə artıq həmin mütəxəssis tərəfindən icra olunacaq”.

Paylaş: