24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Füzuliyə yeni köçən sakinlərə mina təhlükəsi ilə bağlı təlim keçirilib

01-08-2024
IMG

Füzuliyə yenicə köç edən sakinlərə ilk dəfə mina təhlükəsi ilə bağlı təlim keçirilib.

Fhnews.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) birgə əməkdaşlığı ilə təşkil edilən təlim "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunu əhatə edib.

İyul ayında növbəti dəfə təşkil edilən təlim Füzuli rayonuna köçürülmüş və dayanıqlı məskunlaşması təmin edilən sakinlər arasında olub. Maarifləndirici təlimlərin keçirilməsində əsas məqsəd İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlərin mina və partlamamış hərbi sursatlarla (PSD) bağlı məlumatlılığının artırılması, mümkün risk faktorunun minimuma endirilməsidir.

AzQAC-ın mütəxəssis və könüllülərindən ibarət heyət bu dəfə Füzuli şəhərinə səfər edib. Təlimçilər “Qapı-qapı” sessiyası çərçivəsində mənzillərə gedərək hər bir ailəyə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar.

Təlimlərin zamanı qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanlar barədə ətraflı məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri xatırladılıb.

Xatırladaq ki, ilk mərhələdə təlimlər Bakı şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Qaradağ rayonudakı “Qobu Park” yaşayış kompleksində ayrı-ayrılıqda vətəndaşlar və məktəb yaşlı şəxslər üçün təşkil olunub. Daha sonra bu proses yataqxana, inzibati bina və yarımtikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün davam etdirilib.

Füzuli şəhərində iyul ayı ərzində mina təhlükəsi ilə bağlı maarifləndirmə həftəsində ümumilikdə 500-dən çox şəxs məlumatlandırılıb.

Ümumilikdə, mina və PSD təhlükəsi ilə bağlı maarifləndirici təlimlərə indiyədək 20 000-dən çox şəxs cəlb edilib. Təlimlərin keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur.

Paylaş: