14 mart 2025, cümə Bakı, 13°C
IMG-LOGO

Bu gün Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günüdür

21-05-2024
IMG

Hər il mayın 21-də keçirilən Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü təkcə dünya mədəniyyətlərinin zənginliyini deyil, həm də sülh və davamlı inkişafa nail olmaq üçün mədəniyyətlərarası dialoqun mühüm rolunu qeyd edir.

Fhnews.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ilk dəfə bu əlamətdar günü 2002-ci ildə UNESCO-nun 2001-ci ildə Mədəni Müxtəliflik üzrə Ümumdünya Bəyannaməsini qəbul etdikdən sonra “rifah, davamlı inkişaf və qlobal dinc yanaşı yaşayışa nail olmaq vasitəsi kimi mədəniyyətin potensialını artırmaq” zərurətini dərk edərək elan etdib.

2015-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyini qəbul etməsi və 2015-ci ilin dekabrında BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş Mədəniyyət və Davamlı İnkişaf üzrə A/C.2/70/L.59 qətnaməsi ilə Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü həmişəkindən daha aktual olub. On yeddi Dayanıqlı İnkişaf Məqsədinə ən yaxşı şəkildə dünyanın müxtəlif mədəniyyətlərinin yaradıcı potensialından istifadə yolu ilə və cəmiyyətin bütün üzvlərinin davamlı inkişafdan faydalanmasını təmin etmək üçün davamlı dialoqa cəlb etməklə nail olmaq olar.

BMT-nin müvafiq konvensiyalarına qoşulan Azərbaycan mədəni müxtəlifliyin tanınmasına əsaslanır və mədəniyyətlərarası mübadilə kontekstində daha çox həmrəyliyin bərqərar olmasına səy göstərir. Belə ki, Azərbaycan dövləti ölkədəki milli-mədəni müxtəlifliyin qorunub saxlanması və inkişafına geniş dəstək verir.

Bununla yanaşı, Azərbaycan qlobal sülhün və dialoqun təmin edilməsində mühüm rol oynayır, mötəbər beynəlxalq tədbirlər təşkil edir. Bunun ən bariz nümunəsi bu yaxınlarda Bakıda 110 ölkənin iştirakı ilə keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oldu. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə başlanmış, aparıcı beynəlxalq təşkilatların dəstəklədiyi “Bakı Prosesi” 250-dən artıq tədbirdə 180 ölkədən olan 10 mindən artıq iştirakçını qəbul edib, bölgədə yeni mədəniyyətlərarası təşəbbüslərin ilhamvericisi olub.

Prezident İlham Əliyev Forumdakı çıxışında vurğulayıb: “Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar”.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, ölkəmiz mədəniyyətlərarası dialoqu güclü şəkildə təşviq edir, çoxsaylı tədbirlər təşkil olunur.

Paylaş: