24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair geniş müşavirə keçirilib

23-08-2024
IMG

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə növbəti dəfə geniştərkibli müşavirə keçirilib.

Fhnews.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikasının Milli Məclisinə təyin edilən növbədənkənar seçkilərə tibb müəssisələrinin hazırlığı, “Formula-1” Azərbaycan Qran-Prisi yarışları və Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ixtisaslı tibbi xidmətin göstərilməsi, tabeli tibb müəssisələrində mövcud vəziyyət, əhaliyə göstərilən tibbi xidmətlərin həcmi və keyfiyyəti, tibbi sığorta, müəssisələrin maliyyələşdirilməsi və hüquqi məsələlərə dair geniş müzakirələr aparılıb.

Eyni zamanda, müşavirədə TƏBİB-in tabeliyində fəaliyyət göstərən bir sıra regional tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, ilkin səhiyyə xidmətləri və təcili tibbi yardım xidməti ilə bağlı fəaliyyətin restrukturlaşdırılması, region müəssisələri arasında zərurət yaranan hallar üzrə xəstə təxliyəsinin koordinasiyalı təşkil edilməsi, ixtisaslı tibbi yardımın xidmət arealının genişləndirilməsi, tibb müəssisələrində müayinə və əməliyyat qarşılığında əlavə ödənişlərin tələb edilməsi kimi neqativ hallar və çatışmazlıqlar ətrafında fikir mübadiləsi aparılıb, məruzələr dinlənilib.

Ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə, eləcə də seçki prosesində TƏBİB tərəfindən xidmətin təşkili ilə bağlı görülən işlər barədə TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov ətraflı məruzə ilə çıxış edib. O, tabeli tibb müəssisələrində 149 seçki məntəqəsinin təşkil olunduğunu və tibb müəssisələrinin kollektivlərinin yüksək seçici fəallığına malik olduğunu diqqətə çatdırıb.

İcraçı direktorun müşaviri Elşad Məmmədli hazırda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində aparılan restrukturlaşdırma işləri barədə məlumat verib. Tibb müəssisələrinin tərkibindəki 38 Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin vahid mərkəzdə birləşdirilməsinin və təhvil-təslim prosesinin başa çatdığı qeyd olunub.

Sonra Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva, Hüquq departamentinin rəhbəri Aynur Hüseynova, Maliyyə departamentinin rəhbəri Xəyal Cəlilov rəhbərlik etdikləri sahələr üzrə görülən işlər və qeydə alınan nöqsanlar barədə ayrı-ayrı tibb müəssisələrinin misalında təqdimatla çıxış ediblər.

Tibb müəssisələrinin rəhbərlərinin də səsləndirilən irad və təkliflər, eləcə də həyata keçirilən fəaliyyətlərlə bağlı çıxışları dinlənilib.

Daha sonra Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Canəli Nəbiyev, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Siyəzən Rayon Mərkəzi Xəstəxanasının direktoru Nərgiz Əliyeva icra edilən işlər, üzləşdikləri çətinliklər və qarşıda duran hədəflər barədə fikir bildiriblər.

Sonda yekun nitqi ilə çıxış edən Vüqar Qurbanov qeyd edib ki, ölkə rəhbərliyinin diqqət və qayğısı, səhiyyə qurumları tərəfindən görülən işlərin nəticəsində Azərbaycan regionun ən müasir və təkmilləşmiş səhiyyə sisteminə malik olan ölkəsinə çevrilir. Respublikamızın bütün regionlarında əhali yüksəkkeyfiyyətli tibbi xidmətlə təmin olunub, əhali tərəfindən ən çox tələbat olan xidmətlər icbari tibbi sığorta çərçivəsində ödənişsizdir, xəstəxanalarda yaradılan hər cür şərait tibb işçilərinə öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə imkan verir.

“Həkim peşəsi ən ülvi peşələrdəndir. Tibb personalımızın məsuliyyətli və gərgin işini yüksək qiymətləndirir, eyni zamanda, onların hər birini bu peşəyə ləyaqətlə xidmət etməyə çağırırıq. Tibb sahəsində səhlənkarlığa, əlavə ödənişlərin tələb olunmasına, həkim məsuliyyətsizliyinə qarşı mövqeyimiz birmənalıdır, mütəmadi olaraq həm daxili nəzarət tədbirləri, həm əhalidən, həm də mediadan daxil olan müraciətlər əsasında, fəaliyyətində qüsura yol verənlər intizam tədbirlərinə cəlb olunurlar. Məqsədimiz əhalinin sağlamlıq vəziyyətini yaxşılaşdırmaq, göstərilən tibbi xidmətlərin keyfiyyətini və pasiyent məmnuniyyətini artırmaqdır. Bunun üçün üzərimizə düşən bütün öhdəlikləri icra etməyə hazırıq”.

Nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə konkret tapşırıqlar və vaxt verilib.

Paylaş: