9 yanvar 2025, cümə axşamı Bakı, 6°C
IMG-LOGO

İşığa təsiri ilə sümüyü bərpa edən material hazırlanıb

09-01-2025
IMG

Sümük zədələrinin müalicəsində inqilabi texnologiya kimi dəyərləndirilə biləcək yeni material hazırlanıb.

Fhnews.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, Cənubi Koreyanın Pohanq Elm və Texnologiya Universitetinin alimlərinin ərsəyə gətirdiyi material, işığın təsirinə məruz qaldıqda sümüyü sağaltmaq potensialına malikdir və xüsusilə, ağır zədələnmə hallarında təsirli alternativ təklif edir.

Sümük zədələri, travma və ya infeksiyalar nəticəsində yaranan böyük boşluqların bərpası ənənəvi olaraq xəstənin bədənindən götürülmüş sümük toxumasının istifadə edilməsi ilə həyata keçirilir. Lakin bu prosedur çətin və ağrılıdır. Alternativ olaraq, sümüyə bənzər məsaməli materialların istifadəsi geniş yayılıb. Bu materiallar sümük toxumasının regenerasiyasını stimullaşdırsa da, istifadə edilən yapışdırıcıların effektivliyi bəzən məhdud olur. Alimlər bu problemləri həll etmək məqsədilə alginat turşusu əsaslı gel hazırlayıblar. “Biomaterials” jurnalında dərc olunan araşdırmaya görə, bu gel sümüyün zədələnmiş hissəsinə inyeksiya edilir və görünən işıq altında bərk materiala çevrilir. İşığın təsiri ilə polimer zəncirlər bir-birinə bağlanaraq həm möhkəm, həm də məsaməli struktur əmələ gətirir. Bu struktur yaxınlıqdakı sümük toxuması ilə qarşılıqlı təsirə girərək sağalmanı təmin edir. Hazırlanan materialın ən diqqətəlayiq xüsusiyyətlərindən biri sümük hüceyrələrinin toplanmasını və çoxalmasını sürətləndirməsidir. Vaxt keçdikcə gel yerini əsl sümük toxumasına verir. Siçanlar üzərində aparılan təcrübələr materialın effektivliyini təsdiqləyib, lakin insan üzərində sınaqların başlanma tarixi hələlik məlum deyil.

Araşdırmaya rəhbərlik edən professor Hyunq Jun Şa bildirir: “Sümük bərpası üçün tədqiqat komandamız tərəfindən hazırlanmış inyeksiya edilə bilən gel sistemi sümük xəstəlikləri üçün ənənəvi kompleks müalicələrə innovativ alternativ təklif edir və sümük toxumasının bərpası texnologiyasını əhəmiyyətli dərəcədə inkişaf etdirir”.

Bu texnologiya, xüsusilə, ağır sümük zədəsi olan xəstələr üçün daha rahat və effektiv müalicə prosesini təmin edə bilər. Tədqiqatın nəticələri sümük regenerasiyası sahəsində mühüm irəliləyişin təməlini qoyur və tibbi müalicə texnologiyalarında yeni perspektivlər yaradır.

Paylaş: