8 yanvar 2025, çərşənbə Bakı, 8°C
IMG-LOGO

“Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

07-01-2025

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 649-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 720 nömrəli və “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2006-cı il 17 aprel tarixli 388 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 21 yanvar tarixli 1986 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu Qərarın 1-ci hissəsi nəzərə alınmaqla “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin formalaşdırılması, aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etsin.

5. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 7 ” “ yanvar ” 2025-ci il

№ 1

Paylaş: