8 yanvar 2025, çərşənbə Bakı, 8°C
IMG-LOGO

Azərbaycan arxeologiya elmi 80 ildə: qısa nəzər

07-01-2025
IMG

Azərbaycanın yazıya qədərki təxminən iki milyon illik qədim tarixi istisnasız olaraq yalnız arxeoloji tədqiqatlar əsasında öyrənilir. Məhdud yazılı mənbələrin bəhs etdiyi Antik və Orta əsrlər dövrlərinin tam tarixini də arxeoloji qazıntılarsız araşdırmaq mümkün deyil. Azərbaycanın arxeoloji abidələrində ilk qazıntı işlərini hələ XIX əsrdə həvəskar əcnəbi araşdırıcılar aparmışlar. Onların sistemsiz, plansız qazıntıları daha çox şəxsi məqsədlərə xidmət edirdi. XX əsrin əvvəllərində bu məsələyə elmi yanaşmalar daha da artmağa başlamışdı. Sovet hakimiyyətinin ilk iki onilliyində, 20-30-cu illərdə abidələr üzərində nəzarət daha da güclənmiş, araşdırmalar nisbətən genişlənmiş, bu sahədə milli kadrlar yetişməyə başlamışdı. Lakin İkinci Dünya müharibəsi bütün sahələrdə olduğu kimi elmi tədqiqatlarda da ağır durğunluq əmələ gətirmişdi.

Fhnevs.az xəbər verir ki, bu fikirlər AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Nəcəf Müseyiblinin “Azərbaycan arxeologiya elmi 80 ildə: qısa nəzər” məqaləsində yer alıb. Həmin məqalədə deyilir:

80 il əvvəl - 1945-ci ildə Azərbaycanda Elmlər Akademiyasının yaradılması ilə arxeologiya elmində də əsaslı təşkilatlanma işlərinə başlanılmış və bu sahədə iri miqyaslı işlərə zəmin yaradılmışdır. Bundan sonra arxeoloji tədqiqatlar elmi əsaslarla daha yüksək səviyyədə planlaşdırılmış, ekspedisiyaların fəaliyyəti daha səmərəli təşkil edilmişdir. Arxeoloji tədqiqatlarda milli kadrların rolu tədricən aparıcı qüvvəyə çevrilmişdir. Geridə qalmış 80 ildə Azərbaycan arxeoloqları respublikamız ərazisində minlərlə arxeoloji abidələr aşkar etmişlər. Geniş qazıntı işləri nəticəsində qədim tariximizin qaranlıq səhifələrinə işıq salınmışdır. Buna görə də Azərbaycan arxeoloqlarının elmi fəaliyyətinin böyük əhəmiyyəti danılmazdır. Bu müddətdə çox böyük arxeoloji kəşflərə imza atılmış, arxeologiya elminin inkişafına təkan verən iri layihələr həyata keçirilmişdir.

1946-1953-cü illərdə Mingəçevir SES-nin tikintisi ilə bağlı su altında qalacaq ərazidə aparılmış arxeoloji qazıntılar o dövrdə Qafqazda öz miqyasına görə ən iri layihə idi. 8 il müddətində aparılan qazıntılar nəticəsində İlk Tunc dövründən – e.ə. III minillikdən başlayaraq XVIII əsrə qədərki tarixi mərhələlərə aid yaşayış yerləri, müxtəlif tip qəbir abidələri, dini tikililər və körpü qalıqları tədqiq edilmişdir. Arxeoloji qazıntılar nəticəsində 20 mindən artıq maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Mingəçevir bütün Qafqazda çox nadir arxeoloji komplekslərdən biridir ki, burada – lokal bir ərazidə müxtəlif dövrlərə aid 10-a qədər qəbir tipləri və dəfn qaydaları aşkara çıxarılmışdır. Mingəçevir qazıntılarının ən böyük uğurlarından biri daş və gil əşyalar üzərində IV-V əsrlərə aid qədim Azərbaycan – alban əlifbası ilə yazılmış yazılı abidələrin aşkar edilməsidir. Çox təəssüf ki, tikintinin ilk növbədə iqtisadi əhəmiyyəti nəzərə alınmış, vaxt azlığı və kadr çatışmazlığı səbəbindən subasar ərazidə bütün abidələr tədqiqata cəlb edilə bilməmişdir.

Azərbaycanın ən zəngin arxeoloji komplekslərindən biri olan Qobustan abidələrinin 1947-ci ildən sistemli tədqiqatlarına başlanılmışdır. Bu tədqiqatlar 90-cı illərə qədər ardıcıl olaraq davam etdirilmişdir. Unikal bir kompleks olan Qobustanda Mezolit dövründən (e.ə. XII minillikdən) başlayaraq orta əsrlərə qədərki bütün dövrlərə aid 20-ə yaxın qədim düşərgələr, 1000-ə qədər qayalar üzərində 6000-dən artıq təsvirlər, 40-a qədər kurqanlar və s. qeydə alınaraq tədqiq edilmişdir. Eyni zamanda burada e.ə. VII-VI minilliklərə aid qəbir abidələrində kaspi antropoloji tipinə aid insan kəllə sümükləri aşkar edilmişdir ki, bunlar da müasir azərbaycanlıların antropoloji xüsusiyyətlərinə tam uyğundur.

XX əsrin 50-ci illərində Respublikamızda arxeoloji tədqiqatlar tədricən genişlənirdi. 1953-1964-cü illərdə Naxçıvan MR-da çoxtəbəqəli I Kültəpə yaşayış yerinin qazıntıları nəinki Azərbaycan, eləcə də bütün Qafqaz arxeologiyasında əlamətdar hadisə idi. Belə ki, məhz I Kültəpə abidəsinin qazıntıları ilk dəfə olaraq Qafqaz regionunda Neolit, Xalkolit və Tunc dövrlərinin tarixi-stratiqrafik ardıcıllığını müəyyən etdi. Məhz bu qazıntılarla Kür-Araz mədəniyyətinin əvvəllər hesab edildiyi kimi Eneolit dövrünə deyil, İlk Tunc dövrünə aid olduğu təsbit edilmişdir. Bu günə qədər Cənubi Qafqazda I Kültəpə kimi digər çoxtəbəqəli abidə aşkar edilməmişdir.

1950-ci illərdə ilk dəfə olaraq Azərbaycan ərazisində – Qazax rayonunda qədim daş dövrünə aid insan düşərgələri olan Damcılı və Daşsalahlı abidələri aşkar edilmişdir. Paleolit dövrü abidələrinin tədqiqatlarında ən böyük uğur əlbəttə Qarabağda, Xocavənd rayonu ərazisində 1960-cı ildə Azıx mağara düşərgəsinin aşkar edilməsi idi. Bu abidədə 30 ilə yaxın aparılmış qazıntılar Azərbaycan ərazisində ibtidai insanların məskunlaşma tarixinin 2 milyon ilə yaxın olmasını sübut etmiş, ən qədim alt təbəqələri “Quruçay arxeoloji mədəniyyəti” adı altında birləşdirməyə imkan vermişdir. Digər tapıntılarla yanaşı 350-400 min il əvvələ aid insanın çənə sümüyünün aşkar edilməsi Azıx qazıntılarının ən böyük uğurlarından biridir. Qədim və Orta Paleolit dövrlərinin mərhələlərinin stratiqrafik ardıcıllığının aşkar edildiyi Azıx mağarası bütün Yaxın Şərq və Qafqazın daş dövrü abidələri sırasında xüsusi yer tutur.

1950-80-ci illərdə Antik və Orta Əsrlər dövrlərinə aid şəhər yerlərində geniş arxeoloji qazıntı işləri aparılmışdır. Bakı, Şamaxı, Qəbələ, Örənqala (Beyləqan), Gəncə və s. abidələrdə aparılan tədqiqatlar, eyni zamanda paralel olaraq yazılı mənbələrin araşdırılması Azərbaycanın qeyd edilən dövrlərə aid tarixinin öyrənilməsində mühüm inkişafa səbəb olmuş, ölkəmizin Yaxın Şərq-Qafqaz regionunun mədəni, iqtisadi və siyasi tarixində, eləcə də qədim İpək Yolunun fəaliyyətində yerini müəyyənləşdirməyə imkan yaratmışdır. Xüsusilə 70-80-ci illərdə şəhər abidələrinin araşdırmaları intensiv şəkildə daha da genişləndirilmişdir.

1950-ci illərin axırlarından başlayaraq müxtəlif dövr abidələri ilə zəngin olan Gəncə-Qazax bölgəsində ilk əkinçi-maldar mədəniyyətə aid Neolit dövrü (e.ə. VI minillik) abidələrinin tədqiqatlarına başlanılmışdır. 1958-ci ildə ilk belə abidələrdə – Qazax rayonundakı Babadərviş  və Ağstafa rayonundakı Töyrətəpə yaşayış yerlərində, 1960-cı ildən isə Şomutəpə abidəsində aparılan iri miqyaslı arxeoloji qazıntılar bölgədə Neolit dövründə məskunlaşmanın, təsərrüfat həyatının xüsusiyyətlərini araşdırmağa şərait yaratmışdır. 1966-cı ildə bölgənin eyni tipli Neolit abidələri “Şomutəpə arxeoloji mədəniyyəti”ndə birləşdirilmişdir. 60-cı illərin ikinci yarısı və 70-ci illərdə Qarabağda (Çalağantəpə, İlanlıtəpə), Muğanda (Əliköməktəpə) erkən əkinçilik dövrünə aid abidələr tədqiq edilmişdir.

XX əsrin 70-80-ci illərində arxeoloji tədqiqatlar, xüsusilə də kəşfiyyat-axtarış işləri daha da genişlənmiş, yüzlərlə abidələr aşkar edilmişdir. Paleolit dövrünə aid Kəlbəcərdə Zar, Şərurda Qazma, Lerikdə Buzeyir düşərgələri aşkar edilərək tədqiqatlar aparılmışdır. Gəncə-Qazax, Naxçıvan və Qarabağ bölgələrində daha çox Neolit-Tunc dövrlərinə, Quba-Xaçmaz və Lənkəran-Astara bölgələrində isə daha çox Antik və Orta Əsrlərə aid abidələr tədqiq edilmişdir. Bu, ilk növbədə həmin bölgələrdə qeyd edilən dövrlərin abidələrinin daha sıx yerləşməsi ilə bağlı idi. Şabran şəhər yerində aparılan qazıntılar öz miqyası ilə xüsusilə seçilirdi. Ən mühüm elmi kəşflərdən biri 80-ci illərin əvvəllərində Ağdam rayonunda Leylatəpə yaşayış yerinin qazıntıları əsasında son Xalkolit dövrünə (e.ə. V minilliyin sonu - IV minilliyin birinci yarısına) aid eyni adlı mədəniyyətin müəyyən edilməsi olmuşdur. Ağdam və Tərtərdə Tunc dövrü kurqanları tədqiq edilmişdir.

1993-cü ildə Elmlər Akademiyasının tərkibində Arxeologiya və Etnoqrafiya İnstitutunun yaradılması (hazırda Arxeologiya və Antropologiya İnstitutu adlanır) Azərbaycan arxeologiya elminin tarixində mühüm hadisə olmuşdur. Lakin həmin illərdə lazımi arxeoloji qazıntıların aparılması imkanları demək olar ki, minimuma enmişdir. Belə ki, məlum siyasi hadisələr fonunda 90-cı illər bütün sahələrdə olduğu kimi elmdə də tənəzzül mərhələsi kimi yadda qalmışdır. Bu illərdə Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini təmin etmiş və gələcək inkişafı üçün möhkəm özüllər yaratmışdır. Arxeologiya elminin inkişafı sahəsində də dönüş məhz onun fəaliyyəti ilə bağlıdır. Belə ki, 2001-ci ildə Heydər Əliyevin birbaşa göstərişi əsasında Ordubad rayonunda yüksək dağlıq ərazidə yerləşən Tunc dövrünə aid Gəmiqaya abidələrinin öyrənilməsi üçün geniş tərkibdə ekspedisiya göndərilmişdir. Məhz bu ekspedisiyanın təşkili müstəqillik dövründə arxeologiya sahəsində ilk iri miqyaslı elmi layihə idi. 2001-2003-cü illərdə bu ekspedisiyanın fəaliyyəti nəticəsində Gəmiqaya kompleksində 1500-ə qədər qayaüstü təsvirlər qeydiyyata alınaraq tədqiq edilmiş, Naxçıvan MR-da çoxsaylı abidələr aşkar edilərək qazıntılar aparılmışdır.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə başa çatan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri beynəlxalq tikinti layihəsi çərçivəsində 2002-2005-ci illərdə və 2013-2019-cu illərdə Gəncə-Qazax bölgəsində həmin kəmərlərin dəhlizində 100-ə yaxın sahədə geniş arxeoloji qazıntı işləri aparılmışdır. Bu qazıntılar arealına, araşdırılmış abidələrin sayına və müxtəlifliyinə, aşkar edilmiş materialların zənginliyinə görə ölkəmizdə ən böyük arxeoloji tədqiqat layihəsidir. Bu araşdırmalar zamanı Cənubi Qafqazda ən qədim, son Xalkolit dövrünə, Leylatəpə mədəniyyətinə aid Soyuqbulaq kurqan nekropolunda, həmin mədəniyyətə aid Böyük Kəsik və Poylu yaşayış yerlərində (Ağstafa) geniş qazıntılar aparılmış, bu mədəniyyət beynəlxalq elmdə qəbul edilərək öz təsdiqini tapmışdır. Kəmərlərin dəhlizində İlk Tunc dövrünə aid Şəmkirçay kurqanları, Xocalı-Gədəbəy mədəniyyətinə aid Zəyəmçay və Tovuzçay nekropolları, Antik dövrə aid torpaq və küp qəbirləri, Orta əsrlərə aid yaşayış yerləri və s. abidələr tədqiq edilmişdir. Bu layihə müasir dövrdə Azərbaycan arxeologiya elminin inkişafına böyük təkan vermişdir.

Son 15 ildə respublikanın demək olar ki, hər bir bölgəsində bütün tarixi dövrlərə aid yaşayış yerlərində və qəbir abidələrində geniş arxeoloji tədqiqatlar aparılmış və bu işlər indi də davam etməkdədir. Mingəçevir ətrafında (Qaraca düşərgəsi), Şərur (Qazma mağarası), Qax (Xorqaya mağarası) və Zaqatala (Cimcimax mağarası) rayonlarında Paleolit dövrünə aid abidələrdə aparılan arxeoloji qazıntılar Azərbaycan ərazisinin hələ qədim Daş dövründə intensiv məskunlaşdığını göstərir. Qazax rayonunda Damcılı qayaaltı düşərgəsində Yaponiya alimləri ilə birgə aparılan tədqiqatlar Mezolit və Neolit dövrlərinin xronoloji ardıcıllığı, birindən digərinə keçid məsələsinə xeyli aydınlıq gətirmiş oldu.

Qədim tarixin tədqiqatları istiqamətində ən aktual elmi problemlərdən biri ilk istehsal ənənələrinin, maldarlığın, əkinçiliyin, sənətkarlıq sahələrinin, yaranması və inkişafıdır. Neolit (e.ə. VII minilliyin axırları-VI minillik) dövrünə aid Həsənsu, Çağrıtəpə (Ağstafa), Göytəpə, Hacı Ələmxanlı (Tovuz), Kamiltəpə (Ağcabədi), I Kültəpə (Naxçıvan), İsmayılbəytəpə (Ağdam) və s. yaşayış yerlərində aparılmış geniş qazıntı işləri bu elmi məsələlərin araşdırılmasında mühüm addım olmuşdur. Sonrakı, Xalkolit dövrünə aid Qalayeri (Qəbələ), Naxçıvantəpə, Ovçulartəpəsi, Yeni yol (Naxçıvan), Xudutəpə, Alxantəpə (Cəlilabad) və s. abidələrdə aparılan araşdırmalar həmin dövrdə iqtisadi həyatın, dəfn adətlərinin, miqrasiyalar tarixinin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edir. Naxçıvan, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran-Astara bölgələrində Tunc və Antik dövrlərə aid abidələr ətraflı tədqiq edilmişdir.

Son illərin bütün bu araşdırmaları ilə Neolit dövrü mədəniyyətlərinin Yaxın Şərq təsiri ilə yanaşı yerli köklərə bağlı olmasına dair tutarlı faktlar əldə edilmiş, Tunc dövrü kurqan abidələrinin daha qədim xronologiyaya aid olması müəyyən edilmiş, Antik və Orta əsr şəhər mədəniyyəti abidələri (Qəbələ, Şəmkir, Qalatəpə) araşdırılmış və qədim tariximizin digər çoxsaylı elmi problemləri öz həllini tapmışdır. Bu tədqiqatların bəzilərində əcnəbi alimlər də iştirak ediblər. Bu isə Azərbaycan arxeoloqlarının beynəlxalq səviyyədə nüfuz qazanmasının əsas göstəricilərindən biridir.

 Xüsusilə qeyd edilməlidir ki, onilliklər ərzində Azərbaycan arxeoloqlarının araşdırmaları, qazıntılar zamanı aşkar edilmiş e.ə. VII-I minilliklərə aid paleoantropoloji qalıqlar xalqımızın etnogenez tarixinin öyrənilməsi üçün böyük önəm daşıyır. Məhz bu arxeoloji-antropoloji tədqiqatlar Azərbaycan xalqının Cənubi Qafqazın yerli, avtoxton əhalisi olduğunu təkzibedilməz faktlarla sübuta yetirmişdir.

Qarabağ və Şərqi Zəngəzurun 30 illik işğaldan azad edilməsi abidələrlə zəngin olan bu bölgələrdə arxeoloji tədqiqatların aparılması üçün imkanlar yaratmışdır. Son 4 ildə bu bölgələrdə Paleolit, Tunc, Dəmir, Qafqaz Albaniyası və Orta əsrlər dövrlərinə aid arxeoloji abidələrdə qazıntı işləri aparılmaqdadır. Arxeoloji tədqiqatların arealı və miqyası tədricən genişlənir və demək olar ki, hər il yeni abidələr aşkar edilir. Azərbaycanın hər bir yerində olduğu kimi Qarabağ və Şərqi Zəngəzur bölgələrində də arxeoloji tədqiqatların aparılması, qədim tariximizin öyrənilməsi üçün geniş perspektivlər açılmışdır.

Məhz Azərbaycan arxeoloqlarının araşdırmaları ölkəmizin dünyanın qədim sivilizasiya mərkəzlərindən biri, xalqımızın qədim və zəngin mədəniyyətə malik bir toplum olduğunu əyani şəkildə sübut etmişdir.

 

Paylaş: