9 yanvar 2025, cümə axşamı Bakı, 9°C
IMG-LOGO

AQTA: İndiyədək 446,1 min iribuynuzlu heyvan və 4,3 min at identikləşdirilərək elektron sistemə daxil edilib

08-01-2025
IMG

Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) ölkə üzrə tətbiqi davam etdirilir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, 2021-ci il dekabrın 15-dən 2025-ci il yanvarın 8-dək respublika üzrə ailə-kəndli və fermer təsərrüfatlarında 446 min 143 baş iribuynuzlu heyvan, 4 min 302 baş at identikləşdirilərək, həm təsərrüfat, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib.

Bununla bağlı olaraq, ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun identikləşdirilməsinin təmin edilməsi, bu məlumatların Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminə daxil edilməsi və digər məsələlərlə bağlı regionlarda müşavirələr keçirilir. Müşavirələrdə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verilir.

Qeyd edək ki, HİQS sistemi heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınağı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas funksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir.

Paylaş: