Mütəxəssis bayramdan sonra bədənin sağlamlıq balansını bərpa etməyin yollarını açıqlayıb
“Bayramdan sonra sağlam qidalanmağa başlamaq üçün bədənin balansını bərpa etmək, həzm sistemini rahatlaşdırmaq və lazımsız toksinlərin orqanizmdən çıxarılmasını dəstəkləmək lazımdır. Bu keçid prosesini effektiv və davamlı etmək üçün bir neçə mühüm prinsipi nəzərə almaq şərtdir. Çünki bayram günlərində çox vaxt yemək-qəlyanaltılarla zəngin olur və həddindən artıq qida qəbul etmək həzm sistemini yükləyir. Bayram sonrası həzm sisteminin funksiyasını dəstəkləmək üçün müəyyən fiziki məşqlər də faydalı ola bilər”.
Fhnews.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Onun sözlərinə görə, bayram günlərində həddindən artıq yağlı, şəkərli və duzlu qidaların qəbulu nəticəsində bədən su itirir və həzm sistemi yüklənir: “Bu səbəbdən sağlam qidalanmağa başlamaq üçün su balansını bərpa etmək vacibdir. Gündə 8-10 stəkan su içmək toksinlərin bədəndən çıxarılmasını sürətləndirir, metabolizmanı aktivləşdirir və hüceyrələrin normal işləməsi üçün zəruri olan mühit yaradır. Həzm sistemini yormamaq üçün yeməkləri az miqdarda və tez-tez qəbul etmək məsləhət görülür. Gündə 3-4 kiçik porsiyalı yemək qəbulu həzm sisteminin yükünü azaldır və qan şəkərinin sabit qalmasına kömək edir. Yeməklərdə təbii, işlənməmiş qidalara üstünlük vermək vacibdir. Məsələn, təzə meyvə və tərəvəzlər, tam taxıllar, yağsız protein mənbələri (toyuq əti, balıq, paxlalılar) və sağlam yağlar (zeytun yağı, avokado, qoz-fındıq) qidalanmanın əsasını təşkil etməlidir”.
Mütəxəssis-ekspert qeyd edib ki, bayram sonrası ilk günlərdə xüsusilə həzm sistemini yükləməmək üçün ağır yeməklərdən, qızartmalardan və işlənmiş qidalardan uzaq durmaq lazımdır:
“Bunun əvəzinə, buxarda bişirilən tərəvəzlər, yüngül şorbalar və qaynadılmış yeməklər seçilməlidir. Bu cür qidalar həzm sisteminə istirahət imkanı verir və mədə-bağırsaq traktının normal fəaliyyətini bərpa edir. Bayram günlərində tez-tez yüksək şəkər tərkibli qidaların qəbulu olur. Bu da insulin səviyyələrində dalğalanmalara səbəb ola bilər. Şəkərli qidalardan uzaq durmaq və təbii şəkər mənbələrinə, məsələn, meyvələrə üstünlük vermək bu dalğalanmaları azaltmağa kömək edər. Bununla yanaşı, yüksək lif tərkibli qidaların qəbulu bağırsaq hərəkətliliyini yaxşılaşdırır və həzmi dəstəkləyir. Liflə zəngin qidalar arasında tam taxıllı çörək, yulaf, çia toxumu, kətan toxumu, tərəvəzlər və paxlalılar yer alır”.
E.Məmmədov qan dövranının yaxşılaşması yolları barədə də danışıb: “Yaxşı qan dövranı həzm proseslərini sürətləndirən mexaniki təsir və stresin azalması ilə əlaqədardır. Yüngül gəzinti həzm sisteminin aktivliyini artırır. Yeməkdən sonra 10-15 dəqiqəlik gəzinti isə mədənin boşalmasını və bağırsaqların peristaltikasını (qida hərəkətini təmin edən ritmik əzələ yığılmaları) stimullaşdırır. Bundan əlavə, gəzintilər qan şəkərinin səviyyəsini sabitləşdirməkdə də rol oynayır.
Yoqa həzm sistemini stimullaşdırmaq üçün əla vasitədir. Xüsusilə qarın bölgəsini dartaraq mədə və bağırsaq orqanlarının qan dövranını artırır. Kardio məşqlər, məsələn, yüngül qaçış və ya velosiped sürmə, bədənin ümumi qan dövranını artırır. Bu, həzm sisteminə daha çox oksigen və qida maddəsi təmin edir. Bu cür məşqlər bayram yeməklərinin tərkibində olan yağların və karbohidratların daha effektiv həzm olunmasına kömək edə bilər. Eyni zamanda, bu məşqlər qarın şişkinliyini azaltmaqda faydalıdır”.
Mütəxəssis-ekspert bildirib ki, stres və həzm sistemi arasında sıx əlaqə olduğu üçün nəfəs məşqləri də faydalıdır: “Nəfəs məşqləri sinir sistemini sakitləşdirir və həzm prosesi üçün vacib olan parasimpatik sinir sistemini aktivləşdirir. Diafraqmal nəfəs alma (qarından dərin nəfəs alma) qarnın iç təzyiqini artırır və bağırsaqların fəaliyyətini stimullaşdırır. Pilates və ya qarın əzələlərini hədəfləyən məşqlər bağırsaq hərəkətlərini aktivləşdirir. Bu cür məşqlər qarın bölgəsində qan dövranını artırır və bağırsaqların düzgün işləməsinə kömək edir. Pilates hərəkətləri həzm sisteminin aktivliyini artıraraq bayram sonrası bədəndə yığılmış toksinlərin çıxarılmasını da dəstəkləyir. Fiziki aktivlik bağırsaq hərəkətliliyini artıran hormonların, məsələn motilinin ifrazını stimullaşdırır. Məşq zamanı qan dövranı artır, bu da həzm fermentlərinin daha aktiv işləməsinə şərait yaradır. Bundan əlavə, fiziki aktivlik stres hormonlarını azaldır və bu da həzm prosesində əhəmiyyətli rol oynayır, çünki yüksək stres həzmi ləngidə bilər. Məşq bağırsaq mikrobiotasını müsbət istiqamətdə dəyişdirərək faydalı bakteriyaların çoxalmasını təşviq edir”.
Mütəxəssis bayramdan sonra bədənin...
Yer kürəsində maqnit qasırğası başlayıb...
Yarpaqların yağış damcılarına...
Körpələrin ürək döyüntüləri və nitq...
Alimlər təhlükəsiz və dayanıqlı kənd...