Davranış modelləri əsasında kreditləşməyə dair prudensial tənzimlənmə çərçivəsi qəbul edilib
Bank sektorunun sabit və təhlükəsiz fəaliyyətinin təşkili, tənzimlənməsi və nəzarəti, habelə müasir trendlər nəzərə alınmaqla daim inkişaf etdirilməsi Azərbaycan Mərkəzi Bankının (AMB) əsas prioritet istiqamətlərindən biridir. Bu xüsusda, Mərkəzi Bank bank sektorunun prudensial tənzimləmə çərçivəsinin yeni texnologiyaların sürətli inkişafı fonunda maliyyə sistemində yaranan meyillərə uyğun təkmilləşdirilməsi istiqamətində təşəbbüslər həyata keçirir. Bu təşəbbüslər sırasında borcalanların maliyyə əməliyyatlarından istifadə etməklə hazırlanmış davranış modelləri əsasında kreditləşmə üçün tənzimləmə çərçivənin formalaşdırılması məqsədilə Mərkəzi Bankın bir sıra normativ xarakterli aktlarına dəyişikliklərin qəbul edilməsidir.
AMB-dan bildirilib ki, müasir dövrdə banklarda proseslərin avtomatlaşdırılması, müştəri yönümlü olması, süni intellekt həllərinin tətbiqi nəticəsində proqnozlaşdırılan məlumatların dəqiqliyinin daha da artımı ənənəvi bank xidmətlərinin alternativ kanallarla daha aşağı xərc və yüksək sürətlə təklif edilməsi imkanlarını artırır. Davranış modelləri üzrə qəbul edilmiş yeni prudensial tənzimlənmə çərçivəsi də bu imkanlardan istifadə edərək fərdi sahibkarlara və fiziki şəxslərə banklar tərəfindən onların proqnozlaşdırılan gəlirləri əsasında kredit verilişini təmin edəcək. Qəbul edilmiş dəyişikliklərdə davranış modelinin hazırlanması prosesinə, bankda bu sahədə potensialın artırılmasına, modelin validasiyasına və hesabatlığına dair tələblər, habelə davranış modeli əsasında verilmiş kreditlər üzrə risklərin azaldılması məqsədilə limitlər, daha sərt təsnifləşdirmə tələbləri və artırılmış kapital tələbləri müəyyən edilib. Belə ki, banklar məcmu miqdarı bankın kredit portfelinin 10 faizdən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit verilişini həyata keçirə biləcək. Bununla belə, davranış model əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10 faizinə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq.
Bütövlükdə, kreditləşmə prosesində davranış modellərindən istifadə müştərilərin bank kreditlərinə əlçatanlığının artırılmasına xidmət edəcəkdir. Bu isə, öz növbəsində kiçik və orta sahibkarlığın maliyyə və məşğulluq imkanlarının genişlənməsinə, eləcə də resursların daha məhsuldar bölgüsünə köməklik edəcək. Həmçinin modellər vasitəsilə daha dəqiq və yeni məlumatlardan istifadə imkanı bankların biznes proseslərinin optimallaşdırılmasına, əməliyyat xərclərinə qənaətə, kredit anderraytinqi və skorinq proseslərinin sürətləndirilməsinə, dəqiqliyinin artırılmasına, bununla da kredit risklərinin azaldılmasına töhfə verəcək.
Qeyd olunan müvafiq dəyişiklikləri aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür:
Azərbaycanda binaların informasiya...
Azərbaycana xaricdən uçuşların sayı ötən...
Dövlət Neft Fondunun “Şahdəniz”...
Bakının Mikayıl Əliyev küçəsində sürət...
Ələt-Astara yolunun Yenikənd-Biləsuvar...