7 yanvar 2025, çərşənbə axşamı Bakı, 2°C
IMG-LOGO

Bakı Metropoliteni “Xətai” stansiyasında yaranan sıxlıqla bağlı məlumat yayıb

04-01-2025
IMG

Yanvarın 3-də saat 19:25-də metronun “Xətai” stansiyasında sərnişinin eskalatorun “Stop” açarını sıxması nəticəsində eskalator dayanaraq qarşısında sıxlıq yaranıb.

"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, hadisə ilə bağlı videogörüntülər sosial mediada geniş yayılıb və müzakirələrə səbəb olub. Eskalatorun dayanması səbəbini müəyyən etmək məqsədilə dərhal idarəetmə panelinə baxış keçirilib. Baxış nəticəsində texniki problemin olmadığı, dayanmanın “Stop” açarının sıxılması səbəbindən baş verdiyi müəyyən edilib. Daha sonra eskalatorun fəaliyyəti bərpa olunub. Qeyd edilməlidir ki, “Stop” açarı fövqəladə hallarda, təcili və təxirəsalınmaz zərurət olduqda, eskalatorun dayandırılmasını təmin edir.

“Hadisə ilə bağlı müvafiq araşdırmaların aparılması və tədbirlərin görülməsi üçün Bakı Metropolitenində Polis İdarəsinə müraciət edilib. Xatırladırıq ki, “Stop” düyməsinin əsassız sıxılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə uyğun olaraq məsuliyyət yaradır. Sərnişinlərdən rica edirik ki, eskalatorlarda təhlükəsizlik, istifadə qaydalarına və tələblərinə zidd olan hallara yol verməsinlər, uşaqlara nəzarət etsinlər. Eskalatordan düzgün istifadə olunmazsa, bu, sərnişinlərin həyatına ciddi təhlükə mənbəyinə çevrilə bilər. Bir sərnişinin yanlışlığı onun özünün, eləcə də ətrafında olan digər sərnişinlərin narahatlığını, xəsarət almasını və digər bədbəxt hadisələrin baş verməsini qaçılmaz edə bilər. Həmçinin bildiririk ki, eskalatora tullantı atmaq, sürahini çıxarmaq və onun üstünə əşya qoymaq İnzibati Xətalar Məcəlləsinə görə müvafiq qaydada məsuliyyət yaradır. Hər kəsi qaydalara əməl etməyə və Bakı Metropoliteninin fasiləsiz fəaliyyətinə mane ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq. Sərnişinlərimizin təhlükəsizliyi bizim üçün çox vacibdir”, - deyə məlumatda bildirilir.

Paylaş: