10 yanvar 2025, cümə Bakı, 5°C
IMG-LOGO

Baş Prokurorluq vətəndaşın əsassız cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı iddialara aydınlıq gətirib

09-01-2025
IMG

Bəzi sosial media səhifələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Babayev İlkin Əbülfəz oğlunun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və digər şəxslərin məsuliyyətdən kənarda qalması barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bununla bağlı bildirilib ki, çoxsaylı şəxslərin müraciəti əsasında Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb. Babayev İlkin Əbülfəz oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında Muradov Eldar Murad oğlu, Həsənzadə Mobil İsmiəli oğlu, Məmmədov Allahqulu Qudrət oğlu və Ağazadə Asəf Elşad oğlu ilə birgə işədüzəltmə, torpaq sənədlərinin hazırlanması, təhsil sənədlərinin tanıdılması və digər adlarla 32 şəxsdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 700 min manatdan artıq məbləğdə, o cümlədən Şəmşirov Nahid Rəşid oğlu ilə cinayət əlaqəsinə girməklə 7 şəxsdən 240 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmin əməlləri ilə bağlı İlkin Babayev və digər şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilib və 2023-cü il mayın 27-də cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə baxışı davam etdirilir.

Eyni zamanda, Nahid Şəmşirov Cinayət Məcəlləsinin 178.3.2, 310-cu və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib və Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Əlavə olaraq qeyd edilir ki, Baş İdarədə Babayev İlkin Əbülfəz oğlu barəsində əvvəllər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və digər maddələri ilə 3 cinayət işinin ibtidai istintaqı aparılıb. Hər 3 iş aidiyyəti üzrə məhkəmələrə göndərilməklə, onlardan 2-si üzrə ittiham hökmü çıxarılıb, 1-i üzrə isə bəraətverici əsaslar olmadan icraata xitam verilib.

Habelə İlkin Babayev Bakı istintaq təcridxanasında saxlanıldığı müddət ərzində Cinayət Məcəlləsinin 317-2.1-ci (istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan edilmiş əşyaların gəzdirilməsi, saxlanılması və istifadəsi) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və həmin iş baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Paylaş: