10 yanvar 2025, cümə Bakı, 5°C
IMG-LOGO

Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib

09-01-2025
IMG

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər davam etdirilir.

Dövlət Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, qanunvericiliyin tələblərini pozan vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78, ötən il isə 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 13 əməkdaş mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 51 fakt üzrə 95 nəfər barəsində toplanan materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

“Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanının icrası ilə bağlı müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində 4 yararlılıq kateqoriyası üzrə qərar qəbul edilən vətəndaşların yekun tibbi müayinəsi 2024-cü il iyulun 1-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Həmin prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və optimallaşdırılması korrupsiya hallarının qarşısının alınmasında, obyektivliyin təmin edilməsində və şəffaflığın artırılmasında müsbət nəticələr verir.

Bununla yanaşı, dövlətimizin başçısının 2024-cü il 29 dekabr tarixli Fərmanı ilə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasını tənzimləyən qanunvericilik aktlarında, eləcə də Cinayət, İnzibati Xətalar və Miqrasiya Məcəllələrində dəyişikliklər olunub. Bu da xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinə, eləcə də hərbi xidmətdən boyun qaçırma hallarının qarşısının alınmasına xidmət edir.

Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşlar “9100” Çağrı mərkəzinə və ya “[email protected]” elektron ünvanına müraciət edə bilərlər. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

Paylaş: