1 iyun 2025, bazar Bakı, 20°C
IMG-LOGO

İran elektrik çatışmazlığı ilə üzləşib

17-05-2025
IMG

İranda enerjinin davamlılığını və ədalətli paylanmasını təmin etmək üçün abonentlərə qənaətli istifadə ilə bağlı xəbərdarlıqların ardınca, həddindən artıq istehlak səbəbindən Tehranda 1103 evdə elektrik enerjisi kəsilib. İranın rəsmi agentliyi “İRNA”-nın məlumatına görə, Tehran Elektrik Şəbəkəsinin Nəzarət və Müşahidə Mərkəzi enerjiyə qənaətlə bağlı xəbərdarlıqlara əməl etməyən və həddindən artıq istehlak edən abonentlərlə bağlı açıqlama verib.

Açıqlamada ölkədə elektrik enerjisinin fasiləsizliyi və ədalətli paylanmasını təmin etmək üçün abonentlərə elektrik enerjisindən qənaətlə istifadə etmələri ilə bağlı xəbərdarlıq edildiyi, Tehranda xəbərdarlıqlara məhəl qoymayan və həddindən artıq istehlaka davam edən 1103 evin elektrik enerjisinin kəsildiyi bildirilib. Açıqlamada qənaətli istifadə çağırışlarına əməl edərək enerjinin davamlılığına töhfə verən abonentlərə təşəkkür edilərək, əhalidən həddindən artıq işıqlandırmanın azaldılması, kondisionerlərin lazımi səviyyədə işlədilməsi, yüksək enerji istehlak edən elektrik cihazlarının eyni vaxtda işlədilməməsi xahiş edilib.

Ölkədə əvvəllər həddindən artıq enerji istehlak edən onlarla dövlət müəssisə və təşkilatının elektrik enerjisi kəsilib.

Qeyd edək ki, dünyanın ən böyük təbii qaz və neft ehtiyatlarına malik ölkələrdən biri olan İran son aylarda iqtisadi sanksiyaların ağır təzyiqi, infrastruktur investisiyalarının qeyri-kafi olması və enerji tələbatının sürətlə artması səbəbindən ciddi enerji böhranı yaşayır.

Son aylarda ölkədə enerjiyə qənaət təcrübələri getdikcə geniş yayılıb. Xüsusilə isti havalarda kondisionerlərin işə salınması səbəbindən enerji tələbatı pik həddə çatdığı üçün səlahiyyətlilər tez-tez əhalini resurslardan daha qənaətlə istifadə etməyə çağırırlar.

Paylaş: