BMT internetin uşaq və gənclərə təsiri ilə bağlı hesabat hazırlayıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) bu il fevralın 7-də qeyd ediləcək Beynəlxalq Təhlükəsiz İnternet Günü ərəfəsində internetin, o cümlədən sosial şəbəkələrin uşaq və gənclərə təsiri ilə bağlı hazırlanmış hesabatı dərc edib.
Fhnews.az təşkilatın saytına istinadla xəbər verir ki, hesabatda gənc nəslin internet vasitəsilə əlaqənin hərəkətverici qüvvəsi olduğu, 2023-cü ildə dünyada 15-24 yaşlı gənclərin 79 faizinin sosial şəbəkələrdən istifadə etdiyi diqqətə çatdırılıb. BMT əlavə edib ki, uşaqlar da internetdə əvvəlkindən daha çox vaxt keçirirlər; dünyada hər yarım saniyədə bir uşaq ilk dəfə internetə girir.
Hesabatda deyilir: “Bu, uşaqlar və gənclər üçün ünsiyyət qurmaq, öyrənmək, sosiallaşmaq və oyunlar oynamaq üçün görünməmiş imkanlar yaradıb, onları yeni ideyalar və daha müxtəlif məlumat mənbələri ilə tanış edir. Lakin bu imkanlarla yanaşı, internet məkanında ciddi risklər də mövcuddur. Kiberbullinq və həmyaşıdlar arasında zorakılığın digər formaları gənclərə hər dəfə sosial mediaya və ya ani mesajlaşma platformalarına daxil olduqda mənfi təsir edə bilər. Otuz ölkədə gənclərin üçdəbirindən çoxu kiberzorakılığa məruz qaldıqlarını bildirir və hər beş nəfərdən biri buna görə məktəbdən yayınır. Bundan başqa, uşaqlar və gənclər internet məkanında nifrət ritorikası və zorakılıq ehtiva edən məzmunun, o cümlədən özünə zərər verməyə və hətta intihara təhrik edən mesajların təsirinə məruz qala bilərlər. Gənc internet istifadəçiləri ekstremist və terrorçu qruplar tərəfindən zorakılığa cəlb olunma riskinə məruz qalırlar”.
BMT-nin mütəxəssisləri qeyd edirlər ki, rəqəmsal platformalar uşaqlara və gənclərə zərərli təsir göstərən dezinformasiya və sui-qəsd nəzəriyyələri üçün vektor kimi də istifadə edilir. Ən qorxulusu onlayn cinsi istismar və sui-istifadə təhlükəsidir. Cinayətkarların potensial qurbanlarına çevrilən uşaqlarla əlaqə saxlamaq, onların görüntülərini paylaşmaq və başqalarını cinayət törətməyə təşviq etmək imkanları heç vaxt indiki qədər çox olmayıb. 25 ölkədə uşaqların təxminən 80 faizi internetdə cinsi istismara məruz qaldığını və ya istismar təhlükəsi hiss etdiyini bildirir.
Texnologiya şirkətlərinin marketinq məqsədləri üçün məlumat toplama prosesində məxfilik prinsipinin pozulduğu an uşaqların da risk altına düşə biləcəyini qeyd edən hesabat müəllifləri vurğulayırlar ki, tətbiqlər vasitəsilə uşaqlara yönəldilmiş marketinq və bunun tez-tez yaratdığı həddindən artıq ekran vaxtı azyaşlıların sağlam inkişafına xələl gətirə bilər.
Sonda BMT-nin uşaq və gəncləri onlayn təhlükələrdən qorumaq istiqamətində atdığı addımlardan bəhs olunur. Hesabatda qeyd edilir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən irəli sürülən Uşaqların Onlayn Mühafizəsi Təşəbbüsü internet məkanında uşaq təhlükəsizliyi haqqında məlumatlılığı artırmaq və hökumətlərə, sənayeyə və müəllimlərə kömək etmək məqsədilə praktiki alətlər hazırlamaq üçün yaradılmış çoxtərəfli şəbəkədir. BTİ-nin bu sahədə geniş məzmunlu təlimatları uşaqlar və gənclər üçün təhlükəsiz və səlahiyyətli onlayn mühitin inkişafına necə töhfə verməklə bağlı bütün müvafiq maraqlı tərəflər üçün hərtərəfli tövsiyələr toplusudur.
Bununla yanaşı, BMT-nin Uşaq Fondu (UNICEF) kiberzorakılıqla bağlı sualları cavablandırmaq və onunla mübarizə yollarına dair məsləhətlər vermək üçün sosial media platformaları ilə bir araya gəlib. UNICEF-in “Xeyirxahlıq” təşəbbüsü kiberzorakılığa son qoymağı hədəfləyir.
Beynəlxalq Təhlükəsiz İnternet Günü BTİ və UNICEF-in dəstəyi ilə hər il fevral ayında qeyd olunur. BMT-nin agentlikləri və tərəfdaşları, o cümlədən özəl sektorun innovatorları həmin gündə uşaqlar və gənclər üçün onlayn təhlükəsizliyin artırılması istiqamətində rəqəmsal yol xəritəsi müəyyən edirlər. Bu tədbirlər kiberzorakılıqdan sosial şəbəkələrə və rəqəmsal kimliyə qədər meydana çıxan onlayn problemlər və cari narahatlıqlar haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır.
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...
Küləkli hava şəraiti ilə bağlı sarı...
Bakıda və Abşeron yarımadasında hava...