24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

Əsərlərin qeydiyyatına maraq artır

06-03-2024

Azərbaycan qanunvericiliyinə əsasən, ölkəmizdə əsərlərin könüllü qeydiyyat sistemi mövcuddur. Müəlliflər və hüquq sahibləri əsərlərini könüllü şəkildə Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə və əsərin qeydiyyatı haqqında şəhadətnamə ala bilərlər. Agentlik tərəfindən qeydiyyat prosesinin asanlaşdırılması üçün hər cür şərait yaradılıb. Yəni, müəlliflər (hüquq sahibləri) Agentliyə gəlmədən Elektron Hökumət portalı vasitəsilə əsərlərini Agentlikdə qeydiyyatdan keçirmək imkanına malikdirlər.

Fhnews.az xəbər verir ki, bu barədə  Agentlikdən məlumat verilib. Bildirilib ki, əsərlərin qeydiyyatının müəlliflər və hüquq sahibləri üçün böyük faydası vardır.

Bəs bu fayda nədən ibarətdir?

Müəllif hüquqları sahəsində qanun pozuntuları baş verdikdə, misal üçün əsərdən icazəsiz istifadə edildikdə, plagiat halları yarandıqda bu mübahisələrə məhkəmədə baxılır. Belə hallarda müəlliflərin digər sübutları olmadıqda Agentlik tərəfindən verilən qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır. Bu baxımdan müəlliflər öz əsərlərinin Agentliyimizdə qeydiyyatında maraqlıdırlar.

Qeyd edək ki, 2023-cü ildə Agentlik tərəfindən 386 müəllifin (hüquq sahibinin) 713 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 717 şəhadətnamə verilib. Bu, 2022-ci illə müqayisədə 20% çoxdur. O cümlədən, “Elektron xidmət” bölməsi vasitəsilə 324 müəllifin (hüquq sahibinin) 626 əsər qeydiyyatdan keçirilib (2022-ci il ilə müqayisədə 73% çox).

2023-cü ildə Əqli Mülkiyyət Agentliyində əlaqəli hüquqların obyektləri kimi 162 ifa (2022-ci ildə 46 ifa) və 37 kompüter proqramı (2022-ci ildə 18 kompüter proqramı) qeydiyyata alınıb.

Ümumilikdə isə əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyə qədər Agentlikdə bütövlükdə 16 minə yaxın əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib.

Müəlliflərə (hüquq sahiblərinə) xatırladırıq ki, əsərə olan hüquqların qorunması və müdafiəsi üçün ən etibarlı vasitə onların Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınmasıdır.

Paylaş: