1 iyun 2025, bazar Bakı, 20°C
IMG-LOGO

Aqrar Sığorta Fondunun rəhbərliyi təbiət hadisələrindən zərər dəymiş təsərrüfatlarda olub

17-05-2025
IMG

Son günlər baş verən təbiət hadisələri, bölgələrdə güclü yağış və dolu, sel-subasma halları digər sahələrlə yanaşı, kənd təsərrüfatına da təsirini göstərib.

Ümumilikdə aprelin ortalarından başlayan güclü yağışlar və digər təbiət hadisələrindən dəymiş zərərlə bağlı Aqrar Sığorta Fonduna 30-a yaxın rayondan 120-dən artıq müraciət daxil olub və hazırda müraciətlər davam etməkdədir.

Fonddan  bildirilib ki, təbiət hadisələrindən zərər çəkmiş təsərrüfatlar arasında taxıl sahələri, pambıq əkinləri, meyvə bağları və sair təsərrüfatlar var. Daxil olmuş müraciətlər əsasında onlarla müstəqil aqrar sığorta eksperti bölgələrə ezam edilib.

Ekspertlər təsərrüfatlarda baş verən hadisələri və zərərlərin səbəbini araşdırır, dəymiş zərərin ilkin qiymətləndirməsini həyata keçirirlər. Zərərlərin aqrar sığortanın əhatə etdiyi risklərdən baş verdiyi təsərrüfatlara Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişlərinin edilməsi nəzərdə tutulur.

Hadisə baş vermiş ərazilərdə vəziyyətlə tanış olmaq məqsədilə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və fondun nümayəndələri şimal bölgəsindəki sığortalı təsərrüfatlarda olublar.

Xaçmaz rayonunun Cığatay kəndində yerləşən badam, heyva, nektarin və gilas bağlarına güclü yağış və sel-subasma nəticəsində böyük zərər dəyib. Təsərrüfatdakı ağacların böyük hissəsi su altında qalıb. Aqrar Sığorta Fondunun rəhbərliyi bağa baxış keçirib, fermer və təsərrüfat rəhbərləri ilə baş vermiş hadisəni müzakirə edib, fondun ekspertləri təsərrüfat nümayəndələrinə hadisənin zərərlərini azaltmaq üçün tövsiyələrini veriblər.

Fond rəhbərliyi Xaçmazda şaxta hadisəsi baş vermiş digər meyvə bağında da olub. Bağa baxış zamanı məlumat verilib ki, mart ayının sonunda bölgədə hava şəraitinin kəskin dəyişməsi nəticəsində temperaturun enməsi baş verib və bəzi ağaclar şaxtaya məruz qalıb. Təsərrüfat nümayəndələri temperaturun mənfi 3-4 dərəcəyədək azaldığını bildiriblər. Fondun ekspertləri bağlara baxış keçirib, təsərrüfatın şaxtadan qorunması ilə bağlı tövsiyələrini səsləndiriblər.

Qeyd edilib ki, sözügedən təsərrüfatlar aqrar sığorta mexanizmi ilə sığortalandıqlarına görə, onlara dəyən təsdiqlənmiş zərərlər Aqrar Sığorta Fondu tərəfindən qarşılanacaq.

Xatırladaq ki, ölkəmizdə dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi təsərrüfatları bütün təbiət hadisələri – dolu, fırtına-qasırğa, sel-subasma, şaxtavurma (donvurma), zəlzələ, torpaq sürüşməsi, daşqın və sair hallardan qoruyur. Eləcə də fermerlər təsərrüfatlarını leysan yağışları, doludan keyfiyyət itkisi, vəhşi heyvanların vurduğu zərər və 3-cü şəxslərin hərəkətlərindən sığorta edə bilərlər.

Paylaş: