24 noyabr 2024, bazar Bakı, 13°C
IMG-LOGO

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

19-09-2024
IMG

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan verilən məlumata görə, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan və Rusiya dövlət başçılarının avqustun 18-19-da Bakıda keçirilən görüşü zamanı Prezident İlham Əliyevin Xəzər dənizinin ekoloji problemləri ilə bağlı narahat edən məsələləri diqqətə çatdırdığını bildirib. Qeyd edib ki, dövlət başçıları ekoloji fəlakətin qarşısını almaq və həll yollarını müəyyənləşdirmək barədə razılığa gəliblər.

Akademik İsa Həbibbəyli Azərbaycan Prezidentinin nitqindən irəli gələrək Xəzər dənizinin hazırkı ekoloji vəziyyəti haqqında məruzələrin Rəyasət Heyətinin iclasında müzakirə edilməsinin zəruri olduğunu deyib. AMEA rəhbəri qeyd edib ki, təqdim olunan məruzələr Azərbaycan elminin Bakıda keçiriləcək nüfuzlu COP29 iqlim konfransına və Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə növbəti töhfəsidir.

Sonra Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri professor Əmir Əliyevin “Müasir dövrdə Xəzər dənizinin səviyyə dəyişmələri: səbəblər və nəticələr”, Arxeologiya və Antropologiya İnstitutunun Xəzər arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Abbas Seyidovun “Xəzərin Arxeologiyası: tarix və müasirlik” mövzusunda məruzələri dinlənilib.

İclasda Rəyasət Heyəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda və sahilboyu ərazilərində arxeoloji tədqiqat işlərinin həyata keçirilməsi, dəniz sahili zonalarda əvvəldən koordinatları məlum olan arxeoloji abidələrə dair yeni araşdırmalar aparmaq, aşkar olunacaq abidələri qeydə almaq və tədqiq etmək, abidələrin koordinatlarını dəqiqləşdirmək, memarlıq quruluşunu öyrənmək, planını çıxarmaq və digər zəruri işləri icra etmək üçün Xəzər arxeologiyası şöbəsinin fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul edilib.

Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

AMEA-nın Rəyasət Heyəti ilə birlikdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bazasında “Asiya ədəbiyyatı: prioritetlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi qərara alınıb.

Həmçinin iclasda AMEA üzrə müxtəlif elm sahələrini əhatə edən mütəxəssislərin arxeoloji ekspedisiyalarda iştirakı haqqında məsələ müzakirə olunub. Akademik İsa Həbibbəyli bildirib ki, arxeoloji ekspedisiyaların fəaliyyəti zamanı tarix, etnoqrafiya, dilçilik, paleocoğrafiya, memarlıq, paleobotanika, paleozoologiya və s. elmi ixtisasları üzrə mütəxəssislərin iştirakı gələcəkdə ölkəmizin zəngin maddi-mədəni irsinin daha sistemli və hərtərəfli öyrənilməsinə geniş imkanlar yarada bilər.

Rəyasət Heyəti tərəfindən Arxeologiya və Antropologiya İnstitutunun koordinasiyasında AMEA üzrə müxtəlif elm sahələrini əhatə edən mütəxəssislərin arxeoloji ekspedisiyalarda iştirakı haqqında qərar qəbul olunub.

İclasda dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş X Beynəlxalq Kitab Sərgisində AMEA-nın iştirakı haqqında məsələ də müzakirəyə çıxarılıb. Akademik İsa Həbibbəyli bildirib ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 3-dən 8-dək Bakı Ekspo Mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan X Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Sərgidə 200-ə yaxın yerli və xarici təşkilatın, 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı, 200-dən çox müxtəlif formatda tədbirin təşkili planlaşdırılır və sərgidə 60 minə yaxın ziyarətçinin iştirakı gözlənilir.

Sərgidə AMEA-nın xüsusi stendlə iştirakının nəzərdə tutulduğunu deyən akademik İsa Həbibbəyli elmi müəssissə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Rəyasət Heyəti tərəfindən X Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın iştirakını həyata keçirmək, kitab sərgisi çərçivəsində zəruri tədbirləri və müzakirələri təşkil etmək məqsədilə Komissiya yaradılıb.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Arif Həşimov, Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, tarix elmləri doktoru Zemfira Hacıyeva, professor Kərim Şükürov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək sual və təkliflərini səsləndiriblər.

Paylaş: