24 noyabr 2024, bazar Bakı, 14°C
IMG-LOGO

“Taxta bazarları”nda yanğın təhlükəsizliyinə əməl olunmalıdır

18-09-2024
IMG

Taxta inşaatda istifadə olunan əsas materiallardan biridir və müxtəlif çətinlikdə konstruksiyaların və binaların inşası zamanı istifadə olunur. Son dərəcə universal olan bu materialdan evlərin, daldanacaqların, döşəmələrin, tavanın inşası üçün tez-tez istifadə edilir. Həmçinin müxtəlif növ taxtalar mebel və ev dekorasiyası sahəsində də üstünlük verilən materialdır.

Taxta tez yanan material olduğuna görə onun satışı ilə məşğul olan obyektlərdə  yanğın təhlükəsizliyinə dair texniki bazanın normalara uyğunluğuna, siqnalizasiya sisteminin, yanğınsöndürmə qurğularının, yanğın dolablarının, yanğın hidrantlarının, yanğınsöndürən balonların, ehtiyat çıxışın, təxliyyə planı və bunu göstərən lövhələrin, ehtiyat yanğın su çəninin olmasına, nasos və qurğularının daim işlək və saz vəziyyətdə saxlanılmasına ciddi nəzarət edilməlidir. Burada əsas məsuliyyət həmin obyektlərin rəhbərliyinin üzərinə düşür. Obyektin rəhbəri, yaxud müqavilə əsasında icarə götürüb işlədən şəxs obyektdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını, burada fəaliyyət göstərənlərin bu qaydalara əməl olunmasını tələb etməlidir. Əks halda, onlar ilə bağlanılmış müqavilə ləğv edilə bilər. Çünki burada söhbət insan həyatından və külli miqdarda maddi ziyandan gedir. Bu tədbirlər mərkəzin tikintisindən tutmuş sonrakı təyinatına qədər bütün təhlükəsizlik tədbirləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bina fasadında asan yanan materiallardan istifadə edilməsi, satılan malların materialının tez alışan olması, məişət cihazlarından və elektrik alətlərindən istifadə edilməsi ani bir qığılcımda böyük yanğına səbəb ola bilər. Ona görə də ticarət mərkəzinin rəhbərliyinin özü yanğın təhlükəsizliyi qaydalarına, binanın yanğın təhlükəsizliyinə dair standartlara cavab verməsinə əmin olmalıdır və orada olan icarədarlardan da bu qaydalara ciddi riayət edilməsini tələb etməlidir. Yeni tikilən ticarət mərkəzlərində bu qaydalara riayət olunduğu görünsə də, bəzilərində demək olar ki, əməl olunmur. Ticarət mərkəzinin içərisində xüsusi ayrılmamış yerdə siqaret çəkəndən tutmuş, kustar üsulla düzəldilmiş elektrik, qaz cihazlarında yemək, çay qızdıranlara qədər rast gəlmək olar. Yanğınların əksəriyyəti elektrik qısaqapanmasından baş verdiyi üçün obyektlərdə elektrik təchizatlarının saz vəziyyətdə olmasına, həmçinin təmizliyə fikir verilməlidir. “Taxta bazarları”nda məişət tullantıları ətrafa, satıcılar, müştərilər siqareti çəkib yerə atırlar. Bəzən bir siqaret kötüyü böyük bir yanğına səbəb ola bilir...

Ticarət mərkəzlərində həm öz işçilərindən, həm də orada fəaliyyət göstərən obyektlərin işçilərindən ibarət yanğın qrupları fəaliyyət göstərməlidir. "Bunlara "Könüllü yanğın dəstələri" də deyilir. Bu qruplarda müvafiq dövlət qurumları tərəfindən xüsusi hazırlıq kursu keçmiş və fövqəladə vəziyyətdə davranış qaydalarını bilən şəxslər olmalıdır. Yəni “Könüllü yanğın qrupu”nun üzvlərinə təlimlər keçdikdən sonra onlar fövqəladə vəziyyətdə nə etmək lazım olduğunu, insanları və əmlakı necə təxliyə etməli olduğunu, ilkin yanğınsöndürmə vasitələrindən istifadə edərək yanğının söndürülməsinə necə müdaxilə etməli olduğu barədə anlayışları olur. Onlar fövqəladə vəziyyətdə yanğınsöndürmə və xilasetmə qrupu gələnə qədər vəziyyətə nəzarət edərək, həm insanların təhlükəsiz təxliyə edilməsinə, həm də yanğının vəziyyətə uyğun söndürülməsinə kömək edə bilərlər. Təsəvvür edin, ticarət mərkəzində, yaxud bazarda fövqəladə vəziyyət vaxtı nə etmək lazım olduğunu bilən şəxslər var... Görün, onların nə qədər faydası olar. Ona görə də bu cür qrupların olması vacibdir.

Onu da qeyd edək ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də insanlar “Taxta bazarı”nın içərisində, su hovuzlarının və hidrantlarının qarşısında avtomobilləri park edirlər. Bu da yanğınsöndürən maşınların hadisə yerinə yaxınlaşmasına və su hidrantlarından istifadə etməsinə mane olur. Odur ki, yanğının söndürülməsinə əngəl törədən amillər aradan qaldırılmalıdır.

Rövşən Bəkirov,

FHN-İN Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına

qarşı təbliğat şöbəsinin böyük təlimatçısı

Paylaş: