2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması və Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2023-cü il tarixli 4193 nömrəli Sərəncamı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 179.2-ci maddəsinə və həmin Sərəncama uyğun olaraq 2023-cü il 8 dekabr tarixli 7/15 saylı Qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini 2024-cü ilin fevralın 7-nə təyin edib.
Mərkəzi Seçki Komissiyası ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpa olunduğu bir şəraitdə keçirilən bu ilk seçkilərin yüksək səviyyədə təşkil olunmasına, azad, ədalətli və şəffaf şəkildə gerçəkləşdirilməsinə xüsusi diqqətlə yanaşıb.
Seçki prosesinin mühüm mərhələləri olan seçicilər siyahısının dəqiqləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi, prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanlarının yaradılması, müşahidəçilər və media nümayəndələrinin fəaliyyəti üçün sərbəst və maneəsiz şəraitin təmin edilməsi, seçki günü səsvermənin təşkili ilə əlaqədar prosedurlar və digər seçki hərəkətləri Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə ardıcıl, sistemli və mütəşəkkil qaydada həyata keçirilib.
Seçkilərin hazırlanıb keçirilməsi ilə əlaqədar nəzərdə tutulan bütün tədbirlər qanunvericiliklə müəyyən olunmuş qaydada, vaxtında və keyfiyyətlə icra edilib, seçicilər və aşağı seçki komissiyalarının üzvləri də daxil olmaqla, müxtəlif statuslu seçki subyektlərini əhatə edən irimiqyaslı maarifləndirmə layihələri reallaşdırılıb və sözügedən layihələrin icrası zamanı əlaqədar qurumlarla sıx əməkdaşlıq olunub. Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermədə iştiraka çağırış, seçki gününün diqqətə çatdırılması, seçici siyahılarında adın yoxlanılması, əlavə seçicilər siyahısı əsasında səsvermə, qeydiyyatdan çıxma vəsiqəsindən istifadə və səsvermə proseduru ilə bağlı hazırlanmış, ümumilikdə 8 video və audio çarx televiziya və radio kanallarında, habelə sosial media platformalarında mütəmadi şəkildə nümayiş etdirilib.
Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş müddətdə və qaydada seçicilər siyahısının dəqiqləşdirilməsi istiqamətində təkmil fəaliyyət həyata keçirilib. Seçicilərə öz adlarının siyahıda olub-olmadığını Mərkəzi Seçki Komissiyasının internet səhifəsindəki müvafiq sistem vasitəsilə yoxlamaq, hər hansı yanlışlıqla bağlı qaynar xətlərlə əlaqə saxlamaq və ya onlayn ərizə forması ilə müraciət etmək imkanı yaradılıb. Həmçinin birgə layihə çərçivəsində ilk dəfə “ASAN xidmət” mərkəzlərindəki müvafiq smart monitorlarda innovativ həll təmin olunaraq yeni funksional bölmə əlavə edilib ki, bu da vətəndaşların adlarının seçici siyahılarında yoxlanmasında və aid olduqları seçki məntəqələrini müəyyənləşdirməsində əlavə mütərəqqi bir vasitəyə çevrilib.
Seçkilərə start verildikdən sonra 17 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiqi üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib və namizədliklərinin irəli sürülməsi təsdiq olunaraq onlara imza vərəqələri verilib. Namizədliyinin irəli sürülməsi təsdiq olunanlardan yalnız 7-si imza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytarıb və onların hamısının namizədliyi qeydə alınıb. Qeydə alınmış namizədlərdən 5-nin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb, 2-si isə öz təşəbbüsü ilə seçkilərə qatılıb.
Namizədlərin sənədlərinin yoxlanılması prosesi bütün maraqlı şəxslər üçün şəffaf şəkildə aparılaraq ictimaiyyətə tam açıq həyata keçirilib, siyasi partiyaların, prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri, beynəlxalq müşahidə missiyalarının təmsilçiləri və media nümayəndələri mütəmadi olaraq bu prosesə dəvət edilib, onlar istənilən vaxt prosesləri birbaşa izləmək və sənədlərlə yaxından tanış olmaq imkanına malik olublar.
Qeydə alınmış namizədlərə öz seçkiqabağı platformalarını sərbəst şəkildə seçicilərə çatdırmaq üçün mediada hərtərəfli, bərabər şərait və geniş imkanlar yaradılıb. Mərkəzi Seçki Komissiyasının qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutulandan 2 dəfə artıq – həftəlik 6 saat ödənişsiz efir vaxtı ayrılıb. “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “Respublika” qəzeti və “Bakinski raboçi” qəzetlərində qanunvericiliyə uyğun həcmdə və qaydada ödənişsiz dərc üçün yer təmin edilib, 44 media qurumunda isə bərabər şərtlərlə ödənişli təşviqat imkanı yaradılıb. Qeydə alınmış namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün, ilkin mərhələdə, onlar respublikanın şəhər və rayonlarında 125 seçki dairəsi üzrə 139-u açıq, 142-si qapalı olmaqla, ümumilikdə 281 ödənişsiz yerlə təmin edilib. Bunun ardınca isə, daha geniş imkanların yaradılması məqsədilə, demək olar ki, respublikanın əksər yaşayış məntəqələrini əhatə edən 4 500-ə yaxın əlavə görüş yeri də ayrılıb. Bütün bu yerlərin ünvanlarına dair məlumatlar Mərkəzi Seçki Komissiyasının internet səhifəsi də daxil olmaqla müxtəlif mənbələrdə dərc olunmaqla ictimailəşdirilib. Namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar ödənişsiz və heç bir icazə tələb olunmadan, sadəcə müvafiq dairə seçki komissiyasına məlumat verməklə sözügedən yerlərdən istifadə edərək seçicilərlə görüşlər keçirirdi. Seçkiqabağı təşviqat subyektləri Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılmış bütün imkanlardan və bərabər şəraitdən azad və sərbəst şəkildə istifadə ediblər.
Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunmasına xüsusi diqqət yetirilib, respublikanın bütün coğrafiyasını əhatə etməklə, 1 000 seçki məntəqəsində quraşdırılan və yüksək texniki parametrlərə uyğun olmaqla günün tələblərinə cavab verən, yenilənmiş sistem üzərindən daha aydın vizual görüntü təminatına şərait yaradan veb-kameralar vasitəsilə səsvermə prosesini heç bir qeydiyyat tələb olunmadan, əvvəldən axıradək fasiləsiz olaraq onlayn izləmək imkanı təmin edilib. Proseslərin müşahidəsinə 72 nüfuzlu beynəlxalq qurumu və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi, dünyanın 110 aparıcı xarici media subyektinin 217 təmsilçisi, eləcə də Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarında akkreditasiyadan keçən 90 000-dən artıq yerli müşahidəçi qatılıb. Seçkilərdə öz namizədləri ilə iştirak edən 5 siyasi partiya da daxil olmaqla, 19 siyasi partiyanın və öz təşəbbüsü ilə seçkilərə qatılan namizədlərin ümumilikdə 51 000-dən artıq müşahidəçisi seçkiləri izləyiblər. Bununla yanaşı, seçkilərin müşahidəsinə qoşulan 7 000-ə yaxın müşahidəçi bütövlükdə 83 qeyri-hökumət təşkilatı, vətəndaş cəmiyyəti institutu və ictimai birlikləri əhatə edirdi. Biri xarici partnyorları ilə birgə olmaqla, ümumilikdə 3 ixtisaslaşmış təşkilat Mərkəzi Seçki Komissiyasında qeydə alınaraq səsvermə günü “exit-poll” keçirib. Aparılan müşahidələrə əsasən deyə bilərik ki, on minlərlə müşahidəçinin qatıldığı seçkilər onlar tərəfindən azad, ədalətli və müasir tələblərə cavab verən proses olaraq qiymətləndirilib.
Seçki marafonuna start verildikdən sonra Mərkəzi Seçki Komissiyasına 1 şikayət daxil olub və həmin şikayətlə bağlı operativ qaydada müvafiq tədbir görülüb. Seçicilərin yüksək fəallıq nümayiş etdirdiyi səsvermə günü və seçki prosesində hər hansı qanun pozuntusu ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına digər heç bir şikayət daxil olmayıb. Mərkəzi Seçki Komissiyasının qaynar xətlərinə hər zaman olduğu kimi, seçkilərin hazırlanması və keçirilməsi dövründə müxtəlif məsələlərlə bağlı müraciət edən vətəndaşların sualları operativ şəkildə cavablandırılıb və lazımi tədbirlər görülüb.
Seçki günü saat 08:00-da bütün ölkə üzrə səsvermə başlanıb və 6 319-u daimi, 218-i müvəqqəti əsaslarla fəaliyyət göstərən 6 537 seçki məntəqəsi sərbəst şəkildə öz iradələrini ifadə etmələri üçün seçicilərin ixtiyarında olub. Gün ərzində 5 dəfə seçici fəallığı barədə məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi üzərindən xüsusi proqram təminatı vasitəsi ilə birbaşa Mərkəzi Seçki Komissiyasına ötürülərək ictimailəşdirilib və Komissiyanın internet səhifəsində yerləşdirilib. Səsvermə günü seçki məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib, məntəqə seçki komissiyalarının ilkin protokol məlumatları operativ şəkildə Mərkəzi Seçki Komissiyasının internet səhifəsində dərc olunub və bir neçə saat ərzində seçki məntəqələrinin mütləq əksəriyyətindən daxil olmuş məlumatlar əsasında səsvermənin ilkin nəticələri ictimaiyyətin diqqətinə çatdırılıb.
Seçkilərdə bütün digər seçicilər kimi, həssas təbəqəyə aid seçicilər də diqqət mərkəzində saxlanılıb və Mərkəzi Seçki Komissiyası tərəfindən bu istiqamətdə bir sıra ənənəvi layihələr reallaşdırılıb. Gözdən əlil seçicilər onlar üçün hazırlanmış və seçki bülletenindəki məlumatların Brayl əlifbası ilə əks olunduğu trafaretdən istifadə etməklə seçki günü öz konstitusion hüquqlarını heç kəsin yardımı olmadan reallaşdırıblar. Hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqələrinə gələrək səs verə bilmələri üçün müvafiq binaların müəyyənləşdirilməsi və onlarda panduslar quraşdırılması yolu ilə 2 042 seçki məntəqəsində xüsusilə bu kateqoriyadan olan seçicilər üçün əlverişli vəziyyət yaradılıb. Mərkəzi Seçki Komissiyasının seçici maarifləndirmə proqramı çərçivəsində bütün video çarxları alt yazısı ilə hazırlanıb ki, bu da eşitmə qabiliyyəti məhdud olan seçicilərin maarifləndirilməsində əhəmiyyətli rol oynayıb.
Seçkilərin nəticələrinin rəsmi qaydada müəyyən edilməsi üçün Seçki Məcəlləsində nəzərdə tutulmuş bütün müvafiq sənədlər aşağı seçki komissiyaları tərəfindən Mərkəzi Seçki Komissiyasına vaxtında təqdim edilib, dairə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları və onlara əlavə edilmiş sənədlər tam, obyektiv və hərtərəfli yoxlanılıb.
Eyni zamanda səsvermə günü müxtəlif mənbələrdə, o cümlədən onlayn platformalarda olan məlumatlar belə fərqli alternativ resurslardan, habelə seçki məntəqələrində quraşdırılmış veb-kamera görüntülərindən istifadə olunmaqla mümkün qədər geniş və hərtərəfli araşdırılıb.
Nəticədə 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı, 77 saylı Lənkəran şəhər seçki dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 6 saylı, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı, 114 saylı Şəki şəhər seçki dairəsinin 1 saylı və 115 saylı Şəki kənd seçki dairəsinin 6 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən qanun pozuntuları aşkar edildiyindən, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və məntəqə seçki komissiyalarının buraxılması üçün əsaslar müəyyən edilib.
Ona görə də seçkilərin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu göstərilənlər nəzərə alnmaqla və dairə seçki komissiyalarının protokollarındakı məlumatlar ümumiləşdirilməklə tərtib edilməli, təsdiq edilərək seçkilərə yekun vurulmalı, imzalandıqdan sonra müvafiq sənədlərlə birlikdə Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən seçkilərin nəticələrinin təsdiq olunması üçün Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməlidir.
Seçki Məcəlləsinin 203.5-ci maddəsinə əsasən, prezident seçkilərinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.
Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikası Konstitusiyasının 102-ci, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 23.2-ci, 28.2-ci, 28.4-cü, 203.1-ci – 203.3-cü və 203.5-ci maddələrinə uyğun olaraq qərara alır:
1. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı, 77 saylı Lənkəran şəhər seçki dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 6 saylı, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı, 114 saylı Şəki şəhər seçki dairəsinin 1 saylı və 115 saylı Şəki kənd seçki dairəsinin 6 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsinin müəyyən olunmasına imkan verməyən qanun pozuntuları aşkar edildiyindən, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı, 77 saylı Lənkəran şəhər seçki dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 6 saylı, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı, 114 saylı Şəki şəhər seçki dairəsinin 1 saylı və 115 saylı Şəki kənd seçki dairəsinin 6 saylı seçki məntəqələri məntəqə seçki komissiyaları buraxılsın.
3. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilsin.
4. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilməklə seçkilərə yekun vurulsun.
5. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının Protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilsin.
6. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının Protokolu imzalandıqdan sonra 24 saat ərzində dərc edilsin (Əlavə edilir).
7. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan Respublikası vətəndaşlarının...
Asiya Siyasi Partiyaları Beynəlxalq...
Omanın Sultanı Əlahəzrət Heytəm bin...
İşa Xeyriyyə Fondunun təsisçisi...
Fələstin Dövlətinin Prezidenti...