YAP nümayəndə heyətinin ÇKP Mərkəzi Komitəsinin departament direktoru ilə görüşü olub
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində noyabrın 15-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Beynəlxalq əlaqələr şöbəsinin Altıncı Departamentinin direktoru xanım Van Min ilə görüş keçirilib.
YAP-dan verilən məlumata görə, görüşdə Van Min strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Çin-Azərbaycan münasibətlərinin nümunəvi xarakter daşıdığını, ölkələr və partiyalararası çoxşaxəli əlaqələrin müsbət dinamikaya malik olduğunu və parlaq perspektivlər vəd etdiyini bildirib. O qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində yüksək nüfuza malik iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi Avrasiyada təhlükəsizlik və işbirliyi nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır. Departament direktoru Azərbaycan ilə Çinin milli maraqlara əsaslanaraq beynəlxalq platformalarda bir-birinə daim dəstək göstərdiklərini xüsusi vurğulayıb.
Ölkəsinin yüksələn güc mərkəzi kimi qlobal müstəvidə strateji hədəflərindən söz açan Van Min Çinin digər tərəfdaş dövlətlərlə olduğu kimi, dost Azərbaycanla da əməkdaşlığa böyük əhəmiyyət verdiyini və milli maraqların təmini istiqamətində ortaq siyasi iradənin mövcud olduğunu diqqətə çatdırıb.
Azərbaycanın bəşəriyyət üçün taleyüklü məsələlərin həllində fəal roluna diqqət çəkən Van Min ölkəmizin dCOP29-a uğurla ev sahibliyi etməklə dünyaya yeni müsbət nümunə təqdim edəcəyinə inamını bildirib.
Van Min YAP nümayəndə heyətinin səfəri çərçivəsində keçirilən məhsuldar görüşlərin, xüsusilə də iki hakim partiya arasında əməkdaşlıq memorandumunun imzalanmasının ölkələrarası strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə dəyərli töhfə verəcəyinə, YAP-ÇKP əlaqələrində yeni səhifə açacağına əminliyini ifadə edib.
Tahir Budaqov Azərbaycan ilə Çinin diplomatik əlaqələrinin mövcud olduğu 30 ildən artıq müddətdə ikitərəfli qaydada və beynəlxalq platformalar çərçivəsində münasibətlərin uğurla inkişaf etdiyini, əhəmiyyətli nailiyyətlər qazanıldığını söyləyib.
Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin bərpasına nail olmaqla tarixi ədalətsizliyi aradan qaldırdığını vurğulayan YAP Sədrinin müavini Avrasiyanın mühüm geostrateji məntəqələrindən olan Cənubi Qafqazda yaranmış yeni reallıqlardan bəhs edərək postmüharibə dövründə ölkəmizin təşəbbüslərinin sülhə, sabitliyə, təhlükəsizliyə və inkişafa hədəfləndiyini bildirib. O, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Çinin Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan haqlı və ədalətli mövqeyinə birmənalı dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Bəşəriyyətin sağlam və xoşbəxt gələcəyinə hədəflənmiş təşəbbüslər irəli sürən və məqsədyönlü tədbirlər həyata keçirən Azərbaycanın bu günlərdə COP29-a müvəffəqiyyətlə ev sahibliyi etdiyini diqqətə çatdıran T.Budaqov Çinin bu istiqamətdə ölkəmizə dəstəyinin dostluq və tərəfdaşlıq örnəyi kimi təqdirəlayiq olduğunu söyləyib.
YAP-ın beynəlxalq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirən Tahir Budaqov partiyanın dost və tərəfdaş ölkələrin hakim partiyaları, o cümlədən ÇKP ilə səmərəli işbirliyinə malik olduğunu qeyd edib.
Görüş zamanı digər çıxış edənlər Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərinin mühüm tərkib hissəsi olan YAP-ÇKP əməkdaşlığının hazırkı vəziyyəti və gələcək hədəflərlə bağlı fikirlərini bildiriblər.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparıblar.
Noyabrın 15-də YAP nümayəndə heyəti Çin Kommunist Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin, ÇKP Szyansu Vilayət Komitəsinin və BRICS Beyin Mərkəzləri Əməkdaşlığının Çin Şurasının birgə təşkilatçılığı ilə “Qlobal sivilizasiya təşəbbüsünün həyata keçirilməsi” mövzusunda keçirilən tədbirdə də iştirak edib.
Eyni zamanda, nümayəndə heyətinin Nankin şəhərinin tarixi məkanlarına, Qədim Çin Dövlət İmtahanları Muzeyinə və Konfutsi Məbədinə ziyarəti təşkil olunub.
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...
Braziliyalı nazir: Karbon bazarlarının...
COP29-da İtki və Zərər Fondunun tam...
COP29-un yekun qərarlarından birində...
COP29-un bağlanış plenar iclasında Paris...