24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

19-04-2024

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq.

Fhnews.az xəbər verir ki, bu məsələ Milli Məclisin aprelin 19-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür. Dəniz limanlarının fəaliyyətinin təmin edilməsi məqsədləri üçün süni torpaq sahələrinin yaradılması və onların istifadəsinin xüsusiyyətləri “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Eyni zamanda, süni torpaq sahəsi Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər. Dəniz üzgüçülüyünə təhlükə və maneə yaradan süni torpaq sahələrinin yaradılması qadağandır.

Qanun layihəsinə görə, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada layihə sənədlərinin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi olmadan və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən süni torpaq sahəsinin yaradılmasına yol verilmir.

Sənəd layihəsi birinci oxunuşda təsdiq edilib.

Paylaş: