24 noyabr 2024, bazar Bakı, 14°C
IMG-LOGO

Sentyabrın 27-si Ümumdünya Turizm Günüdür

27-09-2024
IMG

Sentyabrın 27-də beynəlxalq ictimaiyyət Ümumdünya Turizm Gününü qeyd edir. BMT-nin Baş katibi 2024-cü ildə “Turizm və sülh” devizi altında tədbirlərin keçirildiyi bu əlamətdar gün münasibətilə müraciət yayıb.

Fhnews.az xəbər verir ki, turizmin insanları birləşdirdiyini vurğulayan Baş katib bildirib: “Bu Ümumdünya Turizm Günündə biz turizm və sülh arasındakı dərin əlaqə haqqında düşünürük. Davamlı turizm icmaları dəyişdirə, yeni iş yerləri açmaq, inklüzivliyi təşviq etmək və yerli iqtisadiyyatları gücləndirmək istiqamətində addımlar atmağa imkan verə bilər. Turizmin inkişafı, həmçinin mədəni və təbii irsi dəyərləndirməyə və qorumağa, dünyada gərginliyi azaltmağa və dinc yanaşı yaşayışı inkişaf etdirməyə kömək edə bilər. Bu mühüm sektor həm də qonşular arasında iqtisadi qarşılıqlı əlaqələri təşviq edir, əməkdaşlığın və tərəqqinin yolunu açır”.

BMT-nin Baş katibi qeyd edib ki, turizm qlobal dünyada öz üfüqlərini genişləndirir. “Hər bir səyyah yerli əhali ilə hörmətlə əlaqə saxlayaraq, müxtəlifliyi, humanizmi və hamımızı birləşdirən dəyərləri dərk edən elçi ola bilər. Gəlin, Ümumdünya Turizm Günündə məsuliyyətlə səyahət edək, körpülər quraq, mədəniyyətlər və millətlər arasında qarşılıqlı hörməti artıraq. Biz birlikdə turizmin gücündən hamı üçün sülh və rifahı inkişaf etdirmək məqsədilə istifadə edə bilərik”, -deyə Antonio Quterreş bildirib.

Beynəlxalq Turizm Təşkilatı 1979-cu il sentyabrın 27-də Ümumdünya Turizm Gününü təsis edib. Bu gün Azərbaycan da daxil olmaqla dünyanın 150-dən çox ölkəsində turizm təmsilçilərinin bayramı kimi qeyd edilir.

Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, ölkəmizin Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur. Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə sentyabrın 29-da “Turizm işçiləri günü” də qeyd olunur. Bununla yanaşı, dövlətimizin başçısının bu il avqustun 2-də imzaladığı “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin yaradılması haqqında” Fərmanla Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində “Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

Ölkəmizdə turizm sektorunun inkişafı üzrə görülən bütün tədbir və fəaliyyətlərin əsas məqsədi yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir xidmət sahələrinin formalaşdırılması, bu sahənin ölkə iqtisadiyyatının əsas inkişaf istiqamətlərindən birinə çevrilməsini təmin etməkdir. Zəngin tarixi-mədəni irs, əlverişli təbii-coğrafi şərait və müasir istirahət mərkəzləri Azərbaycanı dünyanın turizm mərkəzlərindən birinə çevirir. Bu gün ölkəmizin turizm marşrutları üzərində yerləşən rayonlarda müxtəlif turist layihələri, o cümlədən turistlərin sayının artırılması və çoxçeşidli turizm məhsulunun yaradılması istiqamətində proqramlar həyata keçirilir.

Paylaş: