24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Milli Məclisin daha bir komitəsi 2024-cü ilin yaz sessiyası üçün iş planını təsdiqləyib

18-01-2024

Yanvarın 18-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

Fhnews.az xəbər verir ki, iclası açan Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli ötən il ölkəmizin suverenliyinin tam təmin olunmasının tarixi əhəmiyyətindən söz açıb, bu tarixi hadisənin Azərbaycanın qarşısında açdığı perspektivlərdən danışıb və qarşıdan gələn prezident seçkilərini ölkəmizdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib.

Komitə sədri gündəliyə üç məsələnin - İctimai birliklər və dini qurumlar komitəsinin 2023-cü ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabatın, qarşıdakı sessiya üçün iş planının və bir qanun layihəsinin daxil edildiyini bildirib.

Fəzail İbrahimli 2023-cü ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabatı təqdim edərək, bu dövrdə komitənin 7 iclasının keçirildiyini, 8 məsələyə baxıldığını deyib. O, ötən sessiya dövründə komitədə baxılan qanun layihələri barədə məlumat verib.

Komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı diqqətə çatdırılıb ki, iş planına qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara dəyişikliklərin müzakirəsi və digər məsələlər daxil edilib.

Gündəliyin 3-cü məsələsi olan “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd “Media haqqında” Qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb.

İclasda komitə sədrinin müavini Sahib Alıyev, komitə üzvləri Cavanşir Paşazadə, Azay Quliyev, Azər Badamov, Ceyhun Məmmədov və Anar İsgəndərov müzakirə olunan məsələlərlə bağlı çıxış edib, fikirlərini və qeydlərini səsləndiriblər.

Müzakirələrin sonunda komitənin hesabatı nəzərə alınıb, 2024-cü ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, gündəlikdəki qanun layihəsi isə birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Paylaş: