24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir  YENİLƏNİB

30-10-2024
IMG

Oktyabrın 30-da Əqli Mülkiyyət Agentliyi tərəfindən “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir.

Fhnews.az xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunan dəyirmi masa “Yaşıl dünya naminə həmrəylik ili”ndə reallaşdırılan tədbirlər çərçivəsində təşkil edilir.

Tədbirin açılış mərasimində Agentliyin sədri Kamran İmanov bu tədbirin əsas məqsədinin əqli mülkiyyətə əsaslanan innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərmək, təhlil etmək və innovasiyalara bu həyati məsələdə dəstək verməkdən ibarət olduğunu söyləyib: “Çünki kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq, insan cəmiyyəti “yaşıl” gələcək yaratmağa qadirdir”.

Müasir dünyada yaşıl innovasiya, yaşıl texnologiya, yaşıl patent, yaşıl enerji məsələlərinin aktuallığına diqqət çəkən Agentlik rəhbəri “Qlobal İnnovasiya İndeksi” üzrə hesabatlarda innovasiyaların enerji mənbəyi kimi vacib rolunun vurğulanmasının təsadüfi olmadığını söyləyib. Eyni zamanda, ildən-ilə dünyada iqlim dəyişikliklərinin, o cümlədən qasırğaların, daşqınların, quraqlıqların, meşə yanğınlarının təsirinin çox aydın hiss olunduğunu qeyd edib.

Kamran İmanov deyib: “Yaşıl gələcəyi arzulayan bəşər cəmiyyətini quranların ilk sıralarında ixtiraçılar və müəlliflər durur. Onlar ənənəvi texnologiyalara daha “təmiz” alternativlər yaratmaq üzərində çalışan insanlardır. Bu isə onu göstərir ki, davamlı milli innovasiya sistemlərinin yaradılmasına və səmərəli milli əqli mülkiyyət sistemlərinə əlçatanlığın təmin edilməsinə yönəlmiş səylər bundan sonra da davam etdirilməlidir”.

Agentlik rəhbəri vurğulayıb ki, COP29-un keçirilməsi və bizim enerji transformasiyasındakı uğurlarımız Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsidir: “COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir, yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini enerji siyasətinin yeni prioritet istiqaməti kimi göstərir”.

Dəyirmi masada K.İmanovun “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda təqdimatı dinlənilib. Təqdimatda iqlim dəyişikliyi ilə bağlı ümumi mənzərə, iqlim dəyişiklikləri və dünya miqyasında patent fəaliyyəti, Azərbaycanda patent fəaliyyətinin nəticələri haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, patent sahəsində Əqli Mülkiyyət Agentliyinin əldə etdiyi yekunlar dövlətimizin başçısının təşəbbüsü ilə aparılan islahatların nəticəsidir.

K.İmanov “Qlobal İnnovasiya İndeksi 2024” hesabatında Agentliyin bilavasitə sərəncamında olan göstəricilərin artdığını, patentlərlə bağlı Cənubi Qafqazda liderlik əldə edildiyini diqqətə çatdırıb.

Dəyirmi masada, həmçinin Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxış ediblər.

Çıxışlarda iqlim dəyişikliyi ilə mübarizədə təkcə siyasi iradənin deyil, qabaqcıl texnologiyaların da rol oynadığı vurğulanıb, bu baxımdan əqli mülkiyyət hüquqlarının qorunmasının mühüm şərt olduğu vurğulanıb. Çıxış edənlər Əqli Mülkiyyət Agentliyinin müvafiq istiqamətdə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər.

Daha sonra dəyirmi masada “Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlər”, “Neft qurğularında istifadə olunması üçün ekoloji təmiz örtüklər”, “Bərk məişət tullantılarından üzvi mineral gübrənin alınması üsulu”, “Daşkəsən kobalt filizinin zənginləşmə tullantılarından kobaltın çıxarılması üsulu” mövzularında çıxışlar olub.

Paylaş: