“ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına
Hörmətli sərgi iştirakçıları və əziz qonaqlar!
Sizi “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılışı münasibətilə salamlayıram. Azərbaycana xoş gəlmişsiniz!
Ölkəmiz mötəbər beynəlxalq tədbirləri yüksək səviyyədə və böyük peşəkarlıqla təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirmişdir. Azərbaycanın belə genişmiqyaslı və son dərəcə əhəmiyyətli tədbirləri keçirmək üçün müasir infrastruktura malik və təhlükəsizlik baxımından sabit ölkə olması dünya ictimaiyyəti tərəfindən hər zaman müsbət qiymətləndirilir. Bu il ölkəmizdə baş tutacaq dünyanın qlobal xarakterli mötəbər beynəlxalq tədbirlərindən sayılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 da bunun bariz nümunəsidir. Əminliklə söyləmək olar ki, artıq beşinci dəfədir təşkil olunan “ADEX” sərgisi əvvəlki illərdəki kimi yenə də yüksək səviyyədə keçiriləcəkdir. Müdafiə sənayesi də karbon tullantılarının azaldılması baxımından böyük potensiala malikdir. Hesab edirəm ki, COP29 öncəsi keçirilən “ADEX-2024” sözügedən mövzunun peşəkar müzakirəsi üçün əlverişli platformadır.
“ADEX” dost və müttəfiq ölkələrin tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında unikal rol oynayır. Bu sərgi dünya silah bazarında ixraca təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün geniş imkanlar yaradır. Tədbirdə dünyaca məşhur yüzlərlə şirkət öz məhsullarını nümayiş etdirir. “ADEX” müxtəlif ölkələrin öz müdafiə və müdafiə sənayesi sahələrini gücləndirmələri, istehsal imkanlarını artırmaları, müasir və innovativ vasitələri tətbiq etmələri və təcrübə mübadiləsi aparmaları baxımından önəmli tədbirdir.
Xüsusi qeyd edim ki, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrin daha da inkişafı prioritet istiqamətlərdəndir. Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir. Mövcud istehsal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması üzrə işlər uğurla həyata keçirilir. Düzgün aparılmış islahatlar nəticəsində ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılmışdır və bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Həm Azərbaycanın Silahlı Qüvvələri müasir silah növləri ilə təchiz edilir, həm də dünya ölkələrinin müdafiə sənayesi şirkətləri istehsal etdiyimiz məhsullarla yaxından maraqlanırlar. Bir çox dost və müttəfiq dövlətlərlə müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar qurulur, mövcud əlaqələr uğurla davam etdirilir. Azərbaycan müdafiə sənayesi sahəsində dinamik inkişafa nail olmaqla hərbi-texniki imkanlarını genişləndirir.
Beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsində müstəsna rol oynamış Azərbaycan hərbi sənaye kompleksinin gücü və qüdrəti, ölkəmizdə istehsal olunan müasir silahlar da “ADEX” sərgisi çərçivəsində nümayiş olunur. Təsadüfi deyil ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də lokal xarakterli antiterror əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində bu gün diqqətlə öyrənilir.
“ADEX” ilə paralel olaraq, hüquq mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirən “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də keçirilir. Bu sərgidə nümayiş etdirilən məhsulların da iştirakçılar tərəfindən maraqla qarşılanacağına əminəm.
Əziz qonaqlar, bir daha hər birinizi Azərbaycanda görməkdən məmnunluğumu bildirir, bütün iştirakçılara və hər iki sərginin işinə uğurlar arzulayıram!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 sentyabr 2024-cü il
Azərbaycan Respublikası vətəndaşlarının...
Asiya Siyasi Partiyaları Beynəlxalq...
Omanın Sultanı Əlahəzrət Heytəm bin...
İşa Xeyriyyə Fondunun təsisçisi...
Fələstin Dövlətinin Prezidenti...