24 noyabr 2024, bazar Bakı, 14°C
IMG-LOGO

İntellektual potensialın qiymətləndirilməsi metodologiyaları araşdırılır
 

28-10-2024
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda intellektual potensialın qiymətləndirilməsi metodologiyaları araşdırılır.

Fhnews.az xəbər verir ki, bu barədə institutda keçirilən seminarda böyük elmi işçisi Mərziyə İsmayılova bildirib.

M.İsmayılova intellektual potensialın qiymətləndirilməsi sahəsində dünya ölkələrində tətbiq olunan mövcud metodologiyalar haqqında danışıb. Məruzəçi qeyd edib ki, intellektual potensialın qiymətləndirilməsində “Bilik indeksinin hesablanma metodologiyası”, “İntellektual potensialın elm və təhsil üzrə qiymətləndirilmə metodologiyaları”, “Ümumi innovasiya indeksinin hesablanma metodologiyası”, “Universitetlərin intellektual potensialının hesablanma metodikası” və s. metodologiyalardan geniş istifadə edilir.

Tədqiqatçı MDB ölkələri, eləcə də Azərbaycan üzrə tədqiqatlara çəkilən xərclərin ümumi daxili məhsulda (ÜDM) payının dinamikasını təqdim edib, Azərbaycan üzrə (2017-2022-ci illər) patent ərizəsi verənlərin və patent alanların sayı, o cümlədən bəzi inkişaf etmiş ölkələr üzrə təhsilə ayrılan xərclərin ÜDM-də payına dair statistik göstəricilər barədə məlumat verib.

Sonra o, Azərbaycanda intellektual potensialın qiymətləndirilməsi istiqamətində görülən işlərdən söz açaraq təhsil və elm üzrə intellektual potensialın kəmiyyət qiymətləndirilməsi üçün “Rutkeviç” və “Levaşov” metodikasından istifadə edildiyini bildirib.

İntellektual potensialın qiymətləndirilməsi sahəsindəki çatışmazlıqlardan bəhs edən M.İsmayılova intellektual potensialın ölçülməsi ilə bağlı ayrı-ayrı ölkələrin və tədqiqatçıların təklif etdiyi çoxlu sayda metodikaların olmasına baxmayaraq onun qiymətləndirilməsinə dair vahid yanaşmanın olmadığını və müxtəlif üsullardan istifadə olunduğunu diqqətə çatdırıb.

Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Paylaş: