24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

İnklüziv sinif təşkil edilən məktəblər şəbəkəsinin genişləndirilməsi ilə bağlı layihənin IV mərhələsinə başlanılıb

19-08-2024
IMG

Təhsil İnstitutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihənin dördüncü mərhələsinin icrasına başlayıb.

Təhsil İnstitutundan verilən məlumata görə, layihə 2024-2025-ci tədris ilində daha 29 ümumi təhsil müəssisəsinin cəlb olunması ilə ümumilikdə ölkə üzrə 67 məktəbi əhatə edəcək.

Layihənin əsas məqsədi inklüziv sinif təşkil edilən orta məktəblər şəbəkəsini genişləndirərək Azərbaycanda sağlamlıq məhdudiyyəti olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirməkdir.

Bu günlərdə layihə çərçivəsində ümumi təhsil müəssisələrinə dəstək verən mütəxəssislər üçün 18 akademik saatlıq onlayn ixtisasartırma təlimləri keçirilib. Bu təlimlərin əsas məqsədi mütəxəssislərə inklüziv təhsillə bağlı yeni təcrübələri aşılamaq və tətbiqi alətlər təmin etməklə onların hazırlıq səviyyələrini yüksəltməkdir.

İştirakçılar müzakirələr və praktiki tapşırıqlarla keçirilən təlimlər zamanı ehtiyaclara əsaslanan inklüziv təlim strategiyaları, fərdi fəaliyyət planlarına dair təlimatlar və sahə üzrə yeni yanaşmalar ilə tanış olublar.

Paylaş: