24 noyabr 2024, bazar Bakı, 14°C
IMG-LOGO

Elm və təhsilin inteqrasiyasının gücləndirilməsinə dair müzakirələr aparılıb

09-10-2024
IMG

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, eləcə də İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparılıb.

Bu barədə institutdan məlumat verilib.

İnstitutun icraçı direktoru dosent Rəşid Ələkbərov cari ilin yanvar ayında Azərbaycan Texniki Universiteti ilə İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalandığını xatırladıb. Dosent R.Ələkbərov bir ilə yaxın müddətdə institutda memorandumdan irəli gələn vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib, hər iki qurumun əməkdaşlarının bu prosesdə fəal iştirak etdiklərini söyləyib.

Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək institutda qabaqcıl biliklərin paylanması, təhsilə ötürülməsi, yüksəkixtisaslı kadrların hazırlanması və s. istiqamətlərdə həyata keçirilən tədbirlərdən danışıb. Alim elm, təhsil və innovasiyanın inteqrasiyası naminə ali məktəblərlə elmi müəssisələrin birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini, bu çərçivədə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti, o cümlədən Bakı Biznes Universiteti ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib.

Akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti arasında bağlanmış memoranduma əsasən hər iki qurumun üzərinə düşən vəzifələrin icrasına dair hesabatların hazırlandığını, tədrisin keyfiyyətinin yaxşılaşdırılması və kadr hazırlığı istiqamətində görülən işlərin monitorinqinin həyata keçirildiyini söyləyib.

Paylaş: