24 noyabr 2024, bazar Bakı, 14°C
IMG-LOGO

Dövlət orqanlarında 500-ə yaxın vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib

16-09-2024
IMG

Sentyabrın 16-da 100 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 491 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elanı verilib.

Fhnews.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, vəzifələrin 14-ü inzibati vəzifələrin dördüncü təsnifatına, 64-ü beşinci təsnifatına, 114-ü altıncı təsnifatına və 299-u yeddinci təsnifatına aiddir. Dövlət orqanları arasında ən çox vakant vəzifə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi (36 vəzifə) tərəfindən təqdim olunub. Eyni zamanda, ümumi müsahibə elan edilən vəzifələrdən 217-si 52 yerli icra hakimiyyəti orqanı tərəfindən, 153-ü Naxçıvan Muxtar Respublikasının 20 dövlət orqanı tərəfindən təqdim edilib.

Ümumi müsahibədə aşağıda qeyd olunan kateqoriyalara aid şəxslər iştirak edə bilər:

-Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

-Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;

-“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;

-“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;

-Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;

-Dövlət orqanlarında (qurumlarında) siyahısı Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;

-Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər sentyabrın 16-dan oktyabrın 15-i 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra o, müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar üç iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına baxa bilərlər.

Paylaş: