Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda COP29-a həsr edilmiş “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Fhnews.az xəbər verir ki, iclası giriş sözü ilə açan institutun baş direktoru professor Zakir Eminov iştirakçıları salamlayaraq bildirib ki, yaşadığımız dövrdə dünyanın müxtəlif yerlərində baş verən təhlükəli təbiət hadisələri, kataklizmalar, müharibələr, epidemiyalar, içməli su qıtlığı, nəhayət, qlobal istiləşmə kövrək dünyamıza, ətraf mühitə diqqətlə, qayğıkeşliklə yanaşmağı, onu kənar təsirlərdən qorumağı bizdən tələb edir. İndi dünyanın diqqəti Azərbaycana yönəlib, ölkəmiz COP29 kimi mötəbər bir tədbirə hazırlaşır. Bugünki konfransı keçirməkdə əsas məqsədimiz iqlim dəyişmələri, onların ətraf mühitə təsiri məsələlərini elm adamları, mütəxəssislərlə müzakirə etmək, çıxış yollarını axtarıb tapmaq üçün fikir mübadiləsi aparmaq, beynəlxalq təcrübəni bölüşməkdir.
Akademik Fəxrəddin Qədirov, dosentlər Yusif Alıyev və Bahadır Bilalov, professorlar Məqsəd Qocamanov, Çingiz İsmayılov, Aydın İbrahimov, c.e.d. Səid Səfərov salamlama nitqi ilə çıxış edərək konfransın işinə uğurlar arzu ediblər. Həmçinin Qazaxıstan Coğrafiya İnstitutunun direktoru akademik Əhmədkal Medeo, Şimali Qazaxıstan Universitetinin rektoru f.d. Renata Apergenova, Volqoqrad Sosial-Pedaqoji Universitetinin dosenti Detoçenko Liliya, Əlcəzair Boira Universitetinin professoru Məhəmməd Cellaolzadi, Pakistan Pəncab Universitetinin Coğrafiya İnstitutunun vitse-prezidenti professor Səftər Əlşirazi və Moldova Dövlət Pedaqoji Universitetinin dosenti Tatyana Verdiş onlayn formatda konfrans iştirakçılarını salamlayıblar, konfransa uğurlar və Coğrafiya İnstitutuna yeni-yeni nailiyyətlər arzulayıblar.
Coğrafiya İnstitutunun icraçı direktoru vəzifəsini icra edən dosent Zaur İmrani konfransın təşkili ilə əlaqədar məlumat verdikdən sonra Cİ-nin baş elmi işçisi AMEA-nın müxbir üzvü Rauf Qardaşov “İqlim dəyişikliyi fonunda Xəzər dənizinin səviyyəsinin dəyişməsi və onun sahil zonasına təsiri”, şöbə müdiri professor Rza Mahmudov “Azərbaycanda regional iqlim dəyişmələri və onun çay-su ehtiyatlarına təsiri”, Avstraliyanın Makkuori Universitetinin müəllimi professor Əliəkbər Rəsuli “Böyük Qafqazın qar örtüyünün çoxsensorlu şəkillər vasitəsilə inteqrasiya füzyonunun tətbiqi”, Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetinin professoru Vedat Çalişkan “İqlim dəyişiklikləri, su və qida böhranları ilə mübarizədə ekoloji dəstəklər: qorunan təbiət əraziləri” mövzusunda plenar iclasda məruzə ilə çıxış ediblər.
Konfransın ikinci günü bölmə iclaslarında “Landşaftlardan istifadənin müasir vəziyyəti”, “İqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri”, “Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi”, “Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri”, “İşğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı”, “Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri”, Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri”, “Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi”, “Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları”, “Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri” və s. mövzularda çıxışlar dinlənilib.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...