24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

BMU-nun builki qəbul planında mühüm dəyişikliklər və yeniliklər edilib

07-06-2024
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) 2024/2025-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulu planı, həmçinin MBA (Biznesin idarə edilməsi) proqramına plan yerləri təsdiqlənib.

Fhnews.az xəbər verir ki, BMU-dan verilən məlumata görə, əvvəlki illərlə müqayisədə qəbul planında əhəmiyyətli dəyişikliklər və yeniliklər əksini tapıb. Bu dəyişikliklər təhsilin hər iki pilləsi üzrə tələbə qəbulu və ixtisas sayının artım dinamikası, eyni zamanda, bakalavr səviyyəsi üzrə ilk dəfə qiyabi təhsil formasının təşkilində özünü göstərir. Belə ki, BMU-da bakalavriat səviyyəsində 36 ixtisas üzrə ümumilikdə 2285 plan yeri ayrılıb. Onlardan 1540 yer Azərbaycan bölməsi (əyani), 220 yer qiyabi təhsil forması, 525 yer isə ingilis bölməsi (əyani) üçün nəzərdə tutulub (https://beu.edu.az/az/page/bakalavr-tehsili-182/).

Ali təhsil müəssisəsinin magistraturasında 20 ixtisas və 28 ixtisaslaşma üzrə ayrılan 215 yerdən 173-ü Azərbaycan, 42-si ingilis bölməsinin payına düşür (https://beu.edu.az/az/page/magistratura-ixtisaslar-159/).

BMU-nun MBA proqramında isə 13 ixtisaslaşma üzrə 270 yer planlaşdırılıb. Proqram üzrə 240 yer Azərbaycan, 30 yer isə ingilis bölməsi üçün ayrılıb.

Qəbul planına bakalavriat üzrə əlavə edilən 7 yeni ixtisas sırasında “Biotexnologiya”, “Fizika”, “Kimya”, “Riyaziyyat”, “Nəqliyyat mühəndisliyi”, “Qida mühəndisliyi” və “Şərabçılıq” yer alır. Yeni ixtisaslara ayrılan yerlərə gəldikdə isə ingilis bölməsinin əyani təhsil formasında nəzərdə tutulan “Fizika”, “Kimya”, “Riyaziyyat” ixtisaslarının hər biri üzrə 30 yer nəzərdə tutulub. Azərbaycan bölməsinin əyani təhsil formasında tədris aparılacaq “Biotexnologiya” ixtisası üzrə 40, “Nəqliyyat mühəndisliyi” və “Qida mühəndisliyi” ixtisaslarının hər biri üzrə 30 yer ayrılıb.

Azərbaycan bölməsinin əyani və qiyabi təhsil formasında tədris ediləcək “Şərabçılıq” ixtisası üzrə isə müvafiq olaraq 50 və 20 yer planlaşdırılıb.

Magistratura səviyyəsi üzrə yeni istiqamətlərə 1 ixtisas, 2 ixtisaslaşma olmaqla, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisası, “Şəbəkələr, rabitə sistemləri və informasiyanın paylanması”, “Tökmə və qaynaq istehsalının maşın və avadanlıqları” ixtisaslaşmaları daxildir.

Həm ixtisası, həm də ixtisaslaşması yeni olan “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisası (Şəbəkələr, rabitə sistemləri və informasiyanın paylanması ixtisaslaşması), həmçinin “Maşın mühəndisliyi” ixtisasına aid olan “Tökmə və qaynaq istehsalının maşın və avadanlıqları” ixtisaslaşması üzrə yalnız Azərbaycan bölməsində 5 plan yeri nəzərdə tutulub.

Qeyd edək ki, bakalavriat səviyyəsində ingilis dilli ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır. “Memarlıq” və “Dizayn” ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb.

Paylaş: