24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB 3

29-09-2024
IMG

Sentyabrın 29-da Bakı Konqres Mərkəzində dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib.

Mərasimdə müxtəlif ölkələrin baş prokurorları və digər yüksəkvəzifəli şəxsləri də daxil olmaqla, 95 ölkədən 465-dən artıq şəxs iştirak edib.

Fhnews.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti oxuyub.

Baş prokuror K.Əliyev iclasda çıxış edərək böyük coğrafiyanı əhatə edən Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv dövlətlərin hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, dostluq təməlləri əsasında keçiriləcək assosiasiyanın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının regional təhlükəsizliyə, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizəyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.

Azərbaycan prokurorluğunun keçdiyi inkişaf yolu barədə tədbir iştirakçılarına məlumat verən K.Əliyev diqqətə çatdırıb ki, ölkə prokurorluğunun müstəqil dövlətçiliyimizin bərpasından sonrakı fəaliyyətinin ən mühüm xüsusiyyəti onun müstəqil dövlət təsisatı kimi formalaşması, öz funksiyalarını tamamilə yeni - siyasi plüralizm və bazar iqtisadiyyatı, insan və vətəndaş azadlığı prinsipləri əsasında qurulan hüquqi dövlətin, demokratik cəmiyyətin tələbləri ilə uzlaşdırması olub.

Qeyd edilib ki, Azərbaycan prokurorluğunun hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə prinsipləri ilə fəaliyyət göstərməklə beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli varisi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olub.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan baş prokuror tədbirin Azərbaycanda təşkil edilməsi böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Həmçinin, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə noyabrın 15-də “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil olunacağını qeyd edib.

Daha sonra çıxış edən Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin baş prokuroru Juan Bautista Mahiques 29-cu İllik Konfransın və Ümumi Yığıncağın fəaliyyətə başlaması münasibətilə iştirakçıları təbrik edib, uğurlar arzulayıb.

Juan Bautista Mahiques qonaqpərvərliyə, Assosiasiyanın işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə baş prokuror K.Əliyevə təşəkkür edib və Beynəlxalq Prokurorlar Assosiasiyasının gələcək strategiyası, hədəfləri barədə məlumat verib.

Qeyd edək ki, tədbir zamanı müxtəlif plenar və xüsusi maraq sessiyaları, işçi qrup və şəbəkə iclasları, habelə ikitərəfli və çoxtərəfli görüşlər təşkil olunacaq. Həmçinin müxtəlif ölkələri təmsil edən prokurorlar və hüquqşünaslar arasında peşəkar əlaqələrin qurulması üçün bir sıra sosial tədbirlər də nəzərdə tutulub.

Əsas mövzusu “Hüququn aliliyinin qorunmasında prokurorun rolu” olacaq konfransda cinayət təqibində rəqəmsal sübutlar və süni intellektin cinayət prosesində istifadəsi, cinayət mühakimə sistemində şəffaflığın artırılması və ictimai etimadın gücləndirilməsi, gender əsaslı zorakılıq cinayətlərinin istintaqı, iqtisadi cinayətkarlıq və əmlakın bərpası və bu kimi digər altmövzular üzrə çıxışlar olacaq.

Tədbir çərçivəsində Beynəlxalq Prokurorlar Assosiasiyasının strategiyası və gələcək fəaliyyəti ilə bağlı bir sıra mühüm əhəmiyyətli qərarların qəbulu nəzərdə tutulub.

BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağı oktyabrın 2-dək davam edəcək.

Paylaş: