24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

AQTİ-nin Şamaxı Regional Sınaq Laboratoriyasında müayinələr üçün torpaq və suvarma suyu nümunələri qəbul olunur

15-02-2024

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Şamaxı Regional Sınaq Laboratoriyasında torpaqda pestisid qalıqlarının, ağır metalların, mikro və makroelementlərin təyini, suvarma suyu və aqrokimyəvi maddələrdə kimyəvi-toksikoloji müayinələrin həyata keçirilməsi üçün nümunələr qəbul edilir.

Fhnews.az xəbər verir ki, İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, laboratoriyada həmin müayinələr qida təhlükəsizliyinin, heyvan və bitki sağlamlığının təmin edilməsində “tarladan süfrəyə” prinsipinə əsaslanaraq torpaq və sudan qida məhsullarına keçə biləcək zərərli maddələrin araşdırılması məqsədilə aparılır.

Torpaqda və suvarma suyunda pestisid qalığı, ağır metallar kimi toksikoloji, eləcə də keyfiyyət göstəricilərinin təyini aqrokimyəvi maddələrdən düzgün istifadənin tənzimlənməsi, həmçinin norma və standartlara cavab verən məhsulun yetişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu, regionda, eləcə də ətraf ərazilərdə kənd təsərrüfatı təyinatlı bitkilərin məhsuldarlığının artırılmasında, əhalinin keyfiyyətli qida məhsulları ilə təmin olunmasında fermerlərə və təsərrüfat sahiblərinə yaxından kömək edəcək.

Qeyd edək ki, Şamaxı Regional Sınaq Laboratoriyası kompleks tədqiqatlar istiqamətində fəaliyyət göstərir. Laboratoriya müasir tələblərə cavab verən yüksək həssaslığa malik müxtəlif növ xromatoqraflar, spektrometrlər, analizator və digər cihaz və avadanlıqlarla təchiz olunub. Laboratoriyada sınaqlar təlim keçmiş personal tərəfindən milli və beynəlxalq standartların tələbinə uyğun olaraq həyata keçirilir.

Paylaş: