Faşizm üzərində Qələbənin 80-ci ildönümüdür
Azərbaycan xalqı və Bakı nefti İkinci Dünya müharibəsindəki Qələbədə önəmli rol oynayıb
1939-cu il sentyabrın 1-də Almaniyanın Polşa üzərinə hücumu ilə başlanan İkinci Dünya müharibəsi bəşər tarixinin ən qanlı müharibəsi hesab edilir. Ən müxtəlif mənbələrdə onun qurbanlarının sayı barədə müxtəlif rəqəmlər deyilir. Lakin ən mötəbər mənbələr bu müharibəyə 100 milyon nəfərdən çox insanın cəlb olunduğunu, onlardan 50 milyondan çoxunun həyatı bahasına başa gəldiyini göstərir. Azərbaycan vətəndaşlarının da iştirak etdiyi bu müharibədə xalqımızın minlərlə cəsur, igid və qəhrəman oğullarının qanı axıdılıb.
1945-ci il mayın 8-dən 9-na keçən gecə Berlin şəhərində faşist Almaniyası və onun silahlı qüvvələrinin qeyd-şərtsiz təslim olması barədə akt imzalanıb. Faşizm üzərində Qələbə ilə başa çatan müharibə çox böyük məhrumiyyətlər verən Azərbaycan ailəsi üçün də çoxdan gözlənilən xəbər idi. İkinci Dünya müharibəsi imperiyaya daxil olan xalqlar tərəfindən xilaskar və ədalətli savaş hesab olunur, Hitler Almaniyası tərəfdən isə işğalçı xarakter daşıyırdı.
Fhnews.az xəbər verir ki, AZƏRTAC İkinci Dünya müharibəsində qazanılmış Qələbədə Azərbaycan xalqının və Bakı neftçilərinin tarixi roluna bir daha qısaca nəzər salır.
1941-1945-ci illərdə xalqımız istər ön cəbhədə, istərsə də arxa cəbhədə böyük qəhrəmanlıq nümunəsi göstərərək müharibədə Qələbəyə mühüm töhfə verib. Hətta belə bir ifadə də işlənir: almanlar üzərində Qələbə Nikulinin mühərrikləri, Yakovlevin təyyarələri, Məmmədəliyevin yüksək oktanlı benzini hesabına qazanılıb.
Həqiqətən də Bakı nefti Qələbənin qazanılmasında əvəzsiz rol oynayıb. Müharibənin ilk günündən Azərbaycan neftçiləri gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin ediblər. Əbəs yerə deyildi ki, almanların planına əsasən 1941-ci il sentyabrın axırınadək Bakı işğal olunmalı, onun nefti alman şirkətlərinin sərəncamına verilməli idi. Artıq bu plan üzərində böyük bir siyasi xətt yeridilirdi. Bakının hətta hərbi məntəqəyə çevrilməsi ilə bağlı qərar çıxarılmışdı.
Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, 1941-1945-ci illərdə müharibə aparan Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Həmin illərdə ölkəmizin kimya müəssisələrində 26 növ yandırıcı və partlayıcı kimyəvi birləşmə, 9 növ aviasiya və 8 növ dizel yanacağı istehsal olunub, yanğın əleyhinə inventar və avadanlıqlar hazırlanıb. Müharibə illərində yüksək oktanlı aviasiya yanacağının kəşf olunması Qələbəyə verilən əvəzsiz töhfələrdən biridir. Sovet aviasiyası məhz bundan sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə nail oldu.
Dünya hərb tarixinə ən dağıdıcı və dəhşətli müharibə kimi daxil olan 1941-1945-ci illər müharibəsinin başlandığı ilk gündən on minlərlə azərbaycanlı könüllü olaraq savaşa atılıb. İkinci Dünya müharibəsində qazanılmış qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 minə yaxın oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit isə müxtəlif orden və medallarla təltif edilib.
Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan Krımın, Ukraynanın və Litvanın azad edilməsində fərqləndiyinə görə, “Simferopol” diviziyası fəxri adını almış 77-ci, “Belqrad” diviziyası fəxri adı ilə tanınmış 223-cü, Ukrayna, Polşa və Çexoslovakiyanın azad edilməsində iştirak etmiş 271-ci, Qafqaz uğrunda döyüşlərdə heyətinin böyük hissəsini itirmiş 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Azərbaycandan olan döyüşçülər bir sıra Avropa ölkələrinin azad olunmasında da yaxından iştirak ediblər. 1945-ci ildə Berlinə ilk daxil olmuş hərbi hissələrdən biri - 416-cı diviziya Azərbaycanın milli diviziyaları olub.
Partizan hərəkatında iştirak etmiş soydaşlarımızın qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıqları və şücaətləri gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olub.
1941-1945-ci illərdə Azərbaycandan cəbhəyə yeddi tondan çox donor qanı göndərilib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında həmyerlilərimiz fəallığı ilə seçilib. Azərbaycan vətəndaşları Müdafiə Fonduna 15,5 kiloqram qızıl, 900 kiloqram gümüş, 295 milyon manat pul ianə ediblər. Əlavə olaraq tank kolonnaları üçün 175 milyon manat pul köçürüblər. Hədiyyə olaraq döyüşçülər üçün cəbhəyə 1,6 milyon müxtəlif əmtəə, 125 vaqon isti paltar göndəriblər.
Azərbaycan xalqı faşizmə qarşı müharibədə həlak olanların xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Müharibə iştirakçıları, veteranlar dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. 9 may – Faşizm üzərində Qələbə Günü ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarının sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb. Prezident İlham Əliyevin 2025-ci il aprelin 21-də imzaladığı “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı ilə 1941-1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 2500 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1250 manat məbləğində birdəfəlik maddi yardım verilib. Sərəncam ümumilikdə 2 min 340 şəxsə şamil olunub və onlardan 21-i İkinci Dünya müharibəsi iştirakçısıdır.
Səksən il bundan əvvəl baş verən tarixi Qələbədən sonra mayın 9-u təqvimə qırmızı rəngdə yazıldı. Vətən oğullarının qanı hesabına qazanılmış Qələbənin mahiyyəti və tarixi əhəmiyyəti böyük məna kəsb edir. Azərbaycanda elə ailə, elə ev tapmaq olmaz ki, İkinci Dünya müharibəsinin itki, ağrı və məhrumiyyətləri ondan yan keçmiş olsun. Ona görə də faşizminin qarşısını almaq üçün həyatlarını qurban vermiş Azərbaycan vətəndaşları bu gün də böyük minnətdarlıq hissi ilə anılır. Zaman keçsə də, illər ötsə də onların göstərdikləri qəhrəmanlıq nümunələri xatirələrdə əbədi yaşayacaq, bu yolda canını qurban verənlərin xatirəsi həmişə hörmət və ehtiramla yad ediləcək.
Aşağı Güzdək qəsəbəsində sexdə baş verən...
Azərbaycan “TurkicSkills” çempionatında...
Sabahın hava proqnozu: paytaxtda 29,...
Gəncədə yanğınla nəticələnən...
Liftdə qalan bir nəfər xilas edilib...